Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

29.04.2018

Sağlam olaq, qələbə qazanaq!

DİN-in Baş Mühafizə İdarəsinin və Nərimanov Rayon Mühafizə İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” şüarı altında baş idarənin idman kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında əlbəyaxa döyüş növləri üzrə respublika çempionatı keçirilib.

Əvvəlcə yarış iştirakçılarını və qonaqları salamlayan BMİ-nin təmsilçisi Tural Həsənov bildirdi ki, idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, ölkəmizin beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət alıb. Möhtərəm Prezidentimiz tərəfindən idmana göstərilən ali diqqət, paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi onu deməyə əsas verir ki, aparılan siyasətin bir hədəfi var: Sağlam gənclik və sağlam gələcək.
Baş idarə tərəfindən hər il idman yarışlarının keçirilməsini deyən T.Həsənov ötən il keçirilən tədbirin aprel şəhidlərinin əziz xatirəsinə, bu il isə bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya həsr olunduğunu diqqətə çatdırdı.

Qeyd olundu ki, narkomaniya ilə mübarizə tədbirlərində ən başlıca vasitə maarifləndirmədir. Zərərli vərdişlərdən qorunmaq üçün ən gözəl üsul, mübarizə metodlarından biri də idmandır.

Nərimanov RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı Səlim Salmanlı bu gün polisin də sıralarında bir çox məşhur idmançıların yetişdiyini, onların müxtəlif beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazandıqlarını dedi və gələcəyimiz olan gənclərin təkcə idmanda deyil, digər sahələrdə də bayrağımızı ucaldacaqlarına inamını ifadə etdi. Dedi ki, polisin təşkilatçılığı ilə belə yarışların keçirilıməsində əsas məqsəd gənclər arasında idmanın təbliğini genişləndirmək, nəticədə onları alkoqolizm və narkomaniya kimi zərərli vərdişlərdən uzaq tutmaqdır.

Yasamal Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi də DİN BMİ-nin bu idman yarışına təşkilatçılıq etməsini idmana verilən töhfə kimi qiymətləndirdi.

Beynəlxalq Əlbəyaxa Döyüş Növləri Respublika nümayəndəliyinin prezidenti, əlbəyaxa döyüş növü üzrə dəfələrlə dünya, Avropa və ölkə çempionu, Nərimanov RMİ-nin əməkdaşı Səməd İbrahimov Azərbaycanda əlbəyaxa döyüş növünün inkişafına göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkür etdi.

Sonra torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yarış dövlət himnimiz oxunduqdan sonra açıq elan olundu.
İdmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıb qələbə uğrunda mübarizə apardılar.
Yeri gəlmişkən, tədbirdə idmana dəstək verən musiqiçi qonaqlardan Elxan Şirinovun ifaları yadda qaldı.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər