Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

02.05.2018

Xalq-iqtidar birliyi. Budur, uğurlarimizin, inkişafin əsas şərti!

Çoxdan idi ki, bu mövzuda yazmaq istəyirdim. Buna görə müxtəlif xəbər saytlarında, sosial şəbəkələrdə yayımlanan, bəzən adi etik qaydalara sığmayan, əndazəni aşan tərbiyəsizliklə müşahidə olunan, aşırı həyasızlıqla və görməmişliklə, canıyananlıqla çulğalaşmış audio və videomaterialları, şərhləri, tvit və mesajları oxumaq, ürək istəməsə də ən azından mövzuya bələd olmaq baxımından, əsasən, belə neqativ yüklü məlumatları gözdən keçirmək məcburiyyətində qalırdım. Nə qədər ürəkbulandırıcı olsa da bir neçə əsr ərzində demokratiyanın, insan haqlarının əlifbasının təməlinin qoyulduğu, kərpic-kərpic qurulduğu “köhnə qitə”nin azman dövlətlərində, indiki demokrarik, azad, söz və ifadə azadlığının intişar etdiyi Avropanın əsas söz sahibləri olan İngiltərə, Almaniya və Fransanın paytaxtlarından virtuoz bir drijor çubuğunun sehrli hərəkəti ilə başı və daşı özümüzdən olan bəzi soydaşlarımızın fəal iştirakıyla üzərimizə axan bu söyüş və iftira selinin nədən qaynaqlandığını anlamaq istəyirdim.

Bəzən sadəlövhcəsinə güman edirdim ki, yox, çoxəsrlik demokratik təcrübəyə, yüksək ictimai şüur və səviyyəyə malik həmin ölkələrin ən müxtəlif dövlət təsisatları, partiyalar, QHT təmsilçiləri, yaxud insan hüquq və azadlıqları üzrə ixtisaslaşmış təşkilatlar mayası, min təəssüf ki, ölkəmizdə yoğrulsa da qayəsi Avropanın dolanbac küçə və yollarında korlanmış bəzi naxələf övladlarımızın anti-Azərbaycan, anti-dövlət anomaliyasına, dövlətin təmsilçilərinə və onların ailə üzvlərinə qarşı yönəlmiş, hətta ağlasığmaz hədləri də aşmış bu söyüş, təhqir stixiyasının, ədəbsizlik kampaniyasının qarşısını almaq üçün hərəkətə keçəcək, belə ciddi-cəhdlə sürdürülən ritorikaya “dur” deyəcək. Lakin min leyk-əfsus ki, işləri tərsə düşən, qeyri-qanuni hərəkətlərinin qarşısı ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alındığı zaman Avropa strukturlarının qapıları ağzında müticəsinə, boynubükük vəziyyətdə duran, xaricdə özlərini “mühacirlər”, ölkə daxilində isə “milli demokratlar” adlandıran bu cameəni qızışdırıb ölkəmizə qarşı virtual söyüş savaşı açmağa, daşıdıqları natamamlıq kompleksi səbəbindən hakimiyyət mənsublarına öz aləmlərində qurşaqdan aşağı zərbələr endirməyə təhrik edən qüvvələr də nə qədər qəribə və təəccüblü olsa da elə məhz “köhnə qitə”nin “müasir” düşüncəli demokratlarıdır. Bu da dünyanın ən müxtəlif qitələrində, bölgələrində demokratiya adıyla milyonlarla sadəlövh insanın beynini dumanlandırmış, insan hüquqlarının, qanunun alilyinə əsaslanan ədalətli, azad, demokratik cəmiyyət quruculuğu bəhanəsilə vətəndaşları öz adət-ənənlərinə, çoxəsrlik mədəniyyətlərinə, tarixlərinə qarşı çıxaraq son nəticədə onları vətəndaş qarşıdurmasına sövq edir, dağıdılaraq məhv edilmiş qədim mədəniyyətlərin, sivilizasiyaların əsasında xaos, idarəolunan anarxiya və sözəbaxan, ələbaxan rejimlər yaradır, işğal olunmuş və ya vassala çevrilmiş guya müstəqil dövlətlərin əli ilə sonuncuların təbii ehtiyatlarını yamğalayır, insani resurslarını, əqli mülkiyyətini mənimsəyərək özünküləşdirməyə çalışırlar.

Dünyanın yenidən bölüşdürülməsinə, təbii sərvətlərlə zəngin ölkələrin ram edilərək yenidən istismarına hesablanmış bu mənhus kampaniyanın hədəflərindən biri, heç şübhəsiz ki, Qafqaz regionu, onun açar ölkəsi olan, orta əsr istilahları ilə desək, “alınmaz qalası” sayılan Azərbaycan da vardır. Sirr deyil ki, ulu öndərin ali hakimiyyətə tarixi qayıdışından sonra Azərbaycanda sözəbaxan, oyuncaq bir rejimin qurulmasında maraqlı olan, digər ələbaxan Afrika, Latın Amerikası, Asiya ölkələri kimi respublikamızın da təbii sərvətlərini sümürüb dünya bazarlarına daşımaq qəsdilə neokolonial siyasət yeritmək niyyətində olan qüvvələr illər uzunu ən müxtəlif bəhanələrlə, əsasən də özlərinin hər addımbaşı tapdaladıqları demokratik prinsiplər, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması adı altında daha çox neft, qazla zəngin dövlətlərin işlərinə müdaxilə etməyə, onların müstəqil daxili və xarici siyasət aparmalarına hər vəchlə maneçilik törətməyə çalışır, öz təsir dairələrində olan çeşidli beynəlxalq təşkilatlar, daxildə və xaricdə bu məqsədlə hazırlanan, xüsusi təlimatlandırılan və maliyyələşdirilən, “beşinci kalon” qismində istifadə olunan “milli demokratlar” və “siyasi mühacirlər” vasitəsilə çaxnaşma, vətəndaş qarşıdurması, xaos yaratmağa səy göstərirlər. Son 5-6 ildə bunun Şərqi Afrikanın, Yaxın Şərqin müsəlman ölkələrinə hansı fəlakətləri və bədbəxtlikləri gətirdiyinin biz bu gün əyani şahidləriyik.

Çox şükürlər olsun ki, ulu öndərin məqsədyönlü, balanslaşdırılmış, milli maraqlarımıza cavab verən strategiyasını Azərbaycan Prezidenti cənab İlham Əliyev özünəməxsus dilomatik incəliklə, müdrikcəsinə yürüdərək olduqca həssas dönəmdən keçən beynəlxalq münasibətlər sistemində bloklara qoşulmama siyasətini uğurla aparır, iqtisadiyyatımızın, siyasi və hərbi qüdrətimizin daha da artırılması istiqamətində möhtəşəm fəaliyyət ortaya qoyur. Təbii ki, dövlət başçımızın heç bir dövlətdən və ya təşkilatdan asılı olmayaraq, qürurlu şəkildə və ləyaqətlə apardığı, yalnız ölkəmizin milli maraqlarının təmin olunmasını nəzərdə tutan belə müstəqil siyasət yürütməsi məlum güclərin xoşuna gəlmir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər