Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

17.05.2018

İnsan alverinə qarşı mübarizə effektiv nəticələr verir

Milli Məclis İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatını müsbət qiymətləndirdi
Milli Məclisin mayın 5-də keçirilən plenar iclası Prezident İlham Əliyevin parlamentə bir məktubla göndərdiyi 4 məsələnin müzakirəsi ilə öz işinə başladı. Sənədləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseyinli təqdim etdi.
İnsan alverinə qarşı mübarizədə ciddi addımlar atılır

İclasda daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Kordinatorun illik məlumatını təqdim etdi.

Bu sahə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açan məruzəçi vurğuladı ki, 2017-ci il üçün nəzərdə tutulmuş bütün tədbirlər yerinə yetirilib. Cinayətin təqibi və profilaktik işin gücləndirilməsi diqqət mərkəzində olub. Maarifləndirmə işləri, vətəndaş cəmiyyəti institutları ilə əlaqələr, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi genişləndirilib. Gənclərin məlumatlandırılması məqsədilə silsilə tədbirlər keçirilib. Sosial şəbəkələrdə ictimai mənəviyyata zidd, yeniyetmələrin tərbiyəsini və psixoloji durumunu pozan materialların yayılmasının qarşısını almaq üçün normativ hüquqi aktların layihələri hazırlanaraq baxılması üçün Prezident Administrasiyasına təqdim edilib.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası diqqətdə saxlanılıb. Ötən il ərzində ölkəmizdə 80 mindən çox yuxarı sinif şagirdi və onların valideynləri ilə, həmçinin bir sıra ali məktəblərin tələbələri ilə görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların və gənclərin insan alverindən müdafiəsi məsələləri geniş müzakirə olunub.

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə bir sıra nazirliklər və qurumlar, beynəlxalq təşkilatların nümayəndəlikləri, ali məktəblər yaxından iştirak ediblər.

Hazırda insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin saxlanılması və inkişaf etdirilməsi, insan alveri təhlükəsi barədə maarifləndirmə işinin daha məqsədyönlü aparılması və digər mühüm vəzifələr ölkə qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun ardıcıllıqla davam etdirilir.

Maarifləndirmə tədbirləri müsbət nəticələr verir

Təbliğat işinin təşkilində 45 ictimai təşkilatı birləşdirən QHT Koalisiyası, KİV, vətəndaş cəmiyyəti institutları böyük rol oynayıb. Onlar arasından təşəbbüskarlığı ilə fərqlənən 15 ictimai birlik DİN tərəfindən mükafatlandırılıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının profilaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub.

Ötən ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə qanunsuz hərəkətlərə görə 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər (66 qadın və 5 kişi) müəyyənləşdirilib. İnsan alveri qurbanlarından 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji və hüquqi yardım alıb.

Bütövlükdə sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə 68 qurban QHT-lərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında müvafiq Yardım Mərkəzinə istiqamətləndirilib. 21 nəfər işlə təmin edilib, 6 nəfər peşə kursuna göndərilib, 55 nəfər ailəsinə qaytarılıb.

Qeyd edək ki, insan alveri dünya üzrə kriminal biznesin ən mənfəətli növlərindən olmaqla il ərzində 32 milyard dollara yaxın gəlir gətirir və hər il dünyada 2,5 milyon şəxs insan alverinin qurbanına çevrilir.

Bu acı reallıqla mübarizə aparmaq, təhlükələri qabaqlamaq üçün müasir dünyada hər bir ölkə kimi Azərbaycan da öz potensialından maksimum istifadə edir.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər