Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

16.05.2018

Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq!

«Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı tədbirin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də keçirilməsi şanlı tariximizə sayğının, cümhuriyyət qurucularına  olan sevginin bariz nümunəsidir», - deyən şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki  Fuad Əliyev bildirdi ki, ulu öndər Heydər Əliyev Cümhuriyyətin  yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırırdı və onun böyük əhəmiyyət kəsb etdiyini vurğulayırdı.

Polis polkovniki cumhuriyyətlə, o cümlədən tarixi Azərbaycan torpaqları İrəvan, Zəngəzur mahalları ilə bağlı dəyərli araşdırmalar müəllifi-tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovu kollektivə təqdim etdi. Tarixçi alim ölkəmizdə sabitlyin və əmin-amanlığın qarantı olan Azərbaycan Polisinin də cümhuriyyət yadigarı olduğunu bildirdi və dedi ki, möhtərəm Prezidentimizin Cümhuriyyətin yüzilliyi ilə bağlı verdiyi sərəncam ölkə ictimaiyyəti ilə yanaşı, dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd olundu ki, Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda - XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxdı. Azərbaycan xalqı özünün müstəqil dövlətini, qədim dövlətçilik ənənəsini bərpa edə bildi.  İstiqlal Bəyannaməsinin elan olunduğu gün isə Azərbaycan tarixinə parlaq bir səhifə kimi yazıldı. Fransadan, Almaniyadan, Rusiyadan, Gürcüstandan, Türkiyədən, İrandan, Hindistandan onlarla yeni sənədlərin ölkəmizə gətirildiyini və həmin sənədlərin Cümhuriyyət tarixi, İrəvan məsələsi, Bakı nefti,  azərbaycanlılara qarşı törədilən soyqırımla və başqa mühüm məsələlərlə bağlı olduğunu diqqətə çatdıran natiq görüləsi işlərin hələ çox olduğunu dedi.

Təəssüflə bildirildi ki, Cümhuriyyətin fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycanın gələcək tarixi, onun siyasi və sosial-iqtisadi həyatı ilə bağlı elə qərarlar qəbul olunub ki, obyektiv nöqteyi-nəzərdən onlara yanaşdıqda, yanlış addımlar olduğunu görürük. Konkret olaraq İrəvanın ermənilərə güzəştə gedilməsi, aqrar və başqa məsələlərlə bağlı düzgün qərarlar verilməyib. Lakin bütün nöqsanlara baxmayaraq, Cümhuriyyət dövrü şanlı, şərəfli və qürurverici tariximizdir.

Cəbi Bəhramov internet vasitəsi ilə dövlətimizə, xalqımıza yad olan məqamların ictimaiyyətimizə yol tapdığından narahatlığını və bunlara son verməliyinin axtının çoxdan çatdığını ifadə etdi. Dedi ki, ümummilli liderimiz müstəqilliyimizi, yüksək quruluşa malik bir dövləti bizə miras qoyub. Dövlətin inkişafı və gələcəyi isə bizdən asılıdır. O, həmçinin ümidvar olduğunu bildirdi ki, günü-gündən güclənən dövlətimiz, vətənpərvərlik ruhunda böyüyən gəncliyimiz möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevlə birlikdə böyük tarixi torpaqlarımızı birləşdirmək,  bütöv və böyük Azərbaycanı yenidən qurmaq üçün  həm siyasət, həm də döyüş meydanlarında öz sözünü deyəcək bir kərə göylərə yüksələn üç rəngli bayrağımızı bir daha enməyə qoymayacaq.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər