Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

03.07.2018

Yaşayan, döyüşən şanlı tarix

100 il ərzində müxtəlif dönəmlərin çətinlikləri ilə üzləşsə də öz mətinliyini, vətəninə, andına sədaqətini qoruyub saxladı, Azərbaycan Polisi. Xalqımız vətəndaş müharibəsi ilə üz-üzə qaldıqda da, erməni qəsbkarları torpaqlarımıza təcavüz edəndə də canı, qanı bahasına başa gəlsə də, öz borcunu layiqincə yerinə yetirdi və bu günümüzə şərəflə gəlib çıxdı.
Gündəlik həyatımızda çətinə düşdükdə ilk olaraq, dadımıza yetişən də polislərimizdir. Bu gün müstəqil dövlətimizin hər bir vətəndaşının 100 yaşlı fədakar polisi ilə qürur duymağa haqqı vardır. Məhz həm də daxili işlər orqanlarının gərgin əməyinin nəticəsidir ki, əmin-amanlıq şəraitində yaşamaq xalqın özünə inamını, yaşayıb-yaratmaq şövqünü günü-gündən daha da artırıb.

Daxili işlər orqanlarında uzun illər xidmət edən, ömrünü-gününü bu çətin sahəyə həsr edənlər bilirlər ki, xidmət təqaüdə çıxdıqdan sonra da davam edir. Buna ehtiyac olur. Cinayətkarlığa qarşı peşəkar mübarizədə əldə etdikləri nəzəri və praktiki biliklərlə, illər boyu qazandıqları zəngin təcrübə ilə veteranlarımız daim yanımızdadırlar. Yaşlarının bu çağında əlləri işdən-gücdən soyumayan veteranlar polis və vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası məqsədi ilə vaxtilə çalışdıqları ərazi polis orqanlarında və nizami hissələrdə gənc əməkdaşlara əməli köməklik göstərilməsində bilik və bacarıqlarını əsirgəmirlər. Cinayət faktlarının açılmasında, axtarışda olanların tapılmasında onların köməyi danılmazdır. Polis veteranları yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nikah və intihar hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları ilə birgə vətəndaşlarla görüşlər keçirir, hüquqi mövzularda maarifləndirmə işləri aparır, gənc nəslin sağlam ruhda yetişmələri üçün böyük səy göstərirlər.

Ötən il ərzində veteranların köməyi ilə nə az nə çox, düz 4160 cinayətin açılması təmin edilib. Bu da işin hamısı deyil.
Göstərilən dövr ərzində veteranlar 2784 dəfə respublikanın müxtəlif təhsil müəssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyyələrini bildiriblər.
Müstəqillik illərində xalqımızın ümummilli lideri tərəfindən həyata keçirilən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilən dövlətçilik strateqiyasının veteranlarımız tərəfindən birmənalı olaraq, dəstəklənməsi, onların ölkəmizin, daxili işlər orqanlarının ictimai həyatında inamla və fəal şəkildə iştirak etmələri, zəngin təcrübələrini gənclərlə bölüşmələri vətənpərvərliyin və dövlətçiliyə sadiqliyin bariz nümunəsidir.

Veteranlarımızın mənalı həyat yolu, zəngin təcrübəsinə nəzər saldıqda görünür ki, həqiqətən də ötən günlər-itən günlər deyilmiş. Mənalı həyatının qırx ilə yaxın dövrünü daxili işlər orqanlarında xidmətə həsr edərək şərəfli bir yol keçən, 90-nı haqlayan, istefada olan polis polkovniki Müseyib İlyasovun ömür yolu bir məktəbdir. 95 yaşını bu yaxınlarda qeyd etdiyimiz, müharibə və polis veteranı İsmayıl Qasımov mənalı ömrünün 30 ilə yaxın dövrünü daxili işlər orqanlarına həsr edib. Faşizm üzərində qələbənin sevincini yaşayan İsmayıl Qasımov torpaqlarımızın azad ediləcəyi günün də sevincini yaşayacağına inanır.

Üç mühüm hüquq-mühafizə orqanında uzun illər yüksək vəzifələrdə şərəflə xidmət etmək hər kəsə nəsib olmur. III dərəcəli dövlət ədliyyə müşaviri, respublikanın əməkdar hüquqşünası Akif Rəfiyev bu məsul vəzifələrin öhdəsindən layiqincə gəlib. İstefada olan polis general-mayoru Kamil Məmmədovun örnək həyatı, digər ləyaqətli zabitlərimizin ömür yolu bizi həmişə həyacanlandırıb, ruhlandırıb.

Qüsursuz xidmətləri, qanunçuluğun və hüquq qaydalarının təmin olunmasında çoxillik səmərəli fəaliyyətləri ilə polisin tarixində iz qoyan, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, xidməti vəzifələrinə vicdanla, andlarına sədaqətlə yetişmələrində veteranlarımızın, bu tarix yaşıdlarının rolu əvəzsizdir. Ona görə bayram sevincindən onlara da pay düşür və bu təntənə onların halal haqqıdır.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər