Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

06.07.2018

Yubileyə həsr olunmuş yarişlar

Azərbaycan Polisi 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində polis cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifələrin öhdəsindən layiqincə gəlib.
İyunun 23-də DİN İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında keçirilən birinciliklər də möhtəşəm yubileyə dəyərli töhvədir.

Yarışların açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışaraq bildirib ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis ötən dövr ərzində çətin və şərəfli yol keçmişdir. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərmişdir. Dahi rəhbərin hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir.

Qeyd edilib ki, DİN İdman Cəmiyyəti daxili işlər orqanlarının tərkibində yaranmış ilk qurumlardan biri olmaqla ölkəmizin ən qocaman idman təşkilatlarından biri kimi dövlətimizin idman həyatında önəmli rol oynayıb, məşqçilərin, yüksək səviyyəli idmançıların yetişməsində parlaq qələbələr əldə edib.

Olimpiya, dünya və Avropa çempionları Lyudmila Şubina və Namiq Abdullayev ölkəmizin zəngin idman ənənələrindən danışaraq Azərbaycanda Olimpiya hərəkatının formalaşmasında gənclərə və yeniyetmələrə dövlət qayğısının göstərilməsində ulu öndərimizin və onun siyasi kursunu davam və inkişaf etdirən möhtərəm Prezidentimizin əvəssiz xidmətlərini minnətdarlıq hissi ilə diqqətə çatdırıblar.

Daha sonra güləşin sərbəst və yunan-Roma növləri, boks, bədii gimnastika və çerlidinq üzrə açıq birinciliklərə start verilib. 4 gün davam edən yarışlarda paytaxtın və respublikamızın idman klub və cəmiyyətlərinin yetirmələri qüvvələrini sınayıblar.
Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Zeyni Hüseynov

Geriyə Çap et


Faydalı keçidlər
Linklər