Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

09.07.2018

Sevgi varsa …

Uşaq vaxtı az qala hamıdan soruşurlar ki, böyüyəndə hansı peşənin sahibi olacaq. Biri anası kimi həkim, bir babası kimi müəllim, ya da əmisi kimi polis olacağını deyir. İntiqam da böyüyəndə babası kimi polis olmağı arzu edib həmişə. Uşaqlıqdan daxili işlər orqanları əməkdaşlarına sevgi, bir az da həsədlə baxıb. Elə bu arzuların içində illər biri-birini əvəzləyib, onu uzaq-yaxın yollardan keçirib.

İntiqam Eynullayev 1962-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdə müsbət xarakterizə olunduğuna görə 1987-ci ildə təhsil almaq üçün Kalininqrad Milis Məktəbinə göndərilib. Məktəbi bitirib yenidən Dmitrovqrad şəhərinə qayıdaraq xidmətini davam etdirib.


1990-cı il yanvarın 20-də Moskva televiziyasından verilən acı xəbər orada yaşayan bütün azərbaycanlıları sarsıdıb. Qəflətən Bakı şəhərinə ordu yeridilmiş, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Həmin gecəni sübhəcən oyaq qalan İntiqam ertəsi gün Vətənin harayına çatmaq üçün geriyə - Bakıya dönməyi qərara alıb. O, SSRİ Daxili İşlər Nazirliyinə raportla müraciət edərək xahiş edib ki, onun iş yerini Azərbaycana dəyişdirsinlər.

Qarabağı qorumaq üçün könüllü müdafiə batalyonu yarananda ona ilk qoşulanlardan biri də İntiqam olub. O, cəbhə bölgəsində vuruşaraq, mühüm döyüş tapşırıqlarını yerinə yetirib. 1991-ci ildə Ağdamın Qaralar kəndində gedən döyüş zamanı bel nahiyyəsindən ağır yaralanıb. Polis əməkdaşları onu meyitlərin arasından çıxarıb huşsuz vəziyyətdə xəstəxanaya gətiriblər. Bir neçə ay müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Çaykənd əməliyyatında iştirak edən zaman xəsarət alıb.

Sonralar Gəncə Şəhər RPİ Nizami Rayon Polis Şöbəsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışıb. Cəmi 32 yaşı olanda polis baş leytenantı cinayətkar tərəfindən baş nahiyyəsindən güllə yarası alıb. Nəticədə danışıq qabiliyyətini itirib. Sonradan üç dəfə infark keçirib. İntiqam Eynullayev I qrup əlildir. İntiqam uzun illər sağlamlığının yenidən bərpa olunacağını və çox sevdiyi xidmətə qayıdacağını ümidlə gözləyib. Amma… Arzuları çox idi. Amma aldığı bircə güllə onu bu arzularından məhrum etdi.

Danışmağa çətinlik çəksə də övladları ilə fəxr etməyi gözlərindən bəlli olur. Böyük oğlu Şahin polis əməkdaşıdır. Qızı Lamiyə müəllimdir. Kiçiyi Anar isə Dənizçilik Akademiyasının 2-ci kursunda təhsil alır.
O, hamıya qismət olmayan böyük bir qabiliyyətin sahibidir. Bu, sevə bilməkdir. Həyatda nə edibsə, sevgi ilə edib. Vətənini də, peşəsini də, ailəsini də eyni – böyük məhəbbətlə, təmənnasız sevib. Umarıq ki, həyat da, ömrü də onu bundan sonra daha çox sevəcək.
Bayramın mübarək polis qardaşım!
Ə.Ruhiyyə

Geriyə Çap et


Faydalı keçidlər
Linklər