Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

19.09.2018

Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib .
Dövlət başçıları əsgərləri salamlayıblar.
Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.
Sonra sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın Qara dəniz” mahnısı səsləndirilib. Daha sonra ölməz sənətkar Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları “Azadlıq” meydanına yayılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlanıb. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib. Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirilib.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.
Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər.
Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.
Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.
Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin, Türkiyə Silahlı Qüvvələrinin «Türk Ulduzları»nın uçuşları olub.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər