Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

30.09.2018

Qocaliq da bir nemətdir…

Böyüklərə hörmət anlayışının azərbaycanlıların həyatına və məişətinə daxil olmasının tarixi çox qədimdir. Xalqımızın söz abidəsi olan «Kitabi- Dədə Qorqud» dastanında oxuyuruq ki, qədim Oğuz elində böyük-kiçik münasibətlərinə ciddi əhəmiyyət verilirdi. Dastanda el ağsaqqalı Dədə Qorqud müqəddəslik zirvəsinə yüksəldilib. O, gənclərə ad qoyur, onlara nəsihətlər verir, düzgün yol göstərir. Gənclər də nə qədər şan-şöhrət tapsalar belə, müdrik el ağsaqqalına dərin hörmət bəsləyir, onun qarşısında ehtiramla baş əyərək nəsihətlərinə əməl edirlər. Oğuz elinin adətlərinə görə böyüyün bir sözünü iki edən gənc cəmiyyətdə qəbul olunmur...

Əcdadlarımızın bu gözəl adəti zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatmışdır. Bunu cəmiyyətin özəyi hesab olunan ailənin timsalında aydın görmək mümkündür.
Sirr deyil ki, Azərbaycan ailəsinin əsas dayaq prinsiplərindən biri valideyn-övlad münasibətləridir. Ailədə sanki təbii vəzifə bölgüsü aparılır. Ana övladına həyat bəxş edir, ömrünü şam kimi onun yolunda əridir. Övladın ayağına dəyən kiçik bir daş ananın qəlbini sızladır. Ata ailənin çörək ağacı, övladın qürur yeridir. O, övladlarının heç nədən korluq çəkməmələri, özlərini həyatda arxalı hiss etmələri üçün gecə-gündüz çalışır, ağır zəhmətə qatlaşır. Bütün bunların müqabilində övladın ata-anaya böyük məhəbbəti yaranır. Valideyn yaşa dolub fiziki imkanları azalanda övlad ona dayaq durur, xəstələnəndə qayğısına qalır.
Onlarsız həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır. Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Cəmiyyət üçün də ahıl insan əvəzolunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir.

Hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu məsələyə respublikamızda da ciddi diqqət yetirilir.
İnsan yaşa dolur, il üstünə il gəlir. Həyatın çətin, daşlı-kəsəkli yollarında hər kəs müvazinətini, dəyanətini, özəlliyini və gözəlliyini qoruyub-saxlaya bilmir. Taleyi üzünə gülən də olur, ömrü yarımçıq kəsilən də. Ömrü boyu özü üçün yaşayıb qocalıqda tək-tənha qalan da olur. Var olsun dövlətimiz, onlara da dəstək, dayaq olur. Amma xoşbəxt o kəsdir ki, qocalığın, ahıllığın, Yaradanın verdiyi bu gözəl nemətin də dadını çıxara bilir, buna çatan ömür körpüsünü gün-gün, il-il qurub-yaradır.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər