Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

28.10.2018

“Yeraltı şəhər”in polisləri...

Çox az adam olar ki, yaşadığı illər ərzində bir dəfə də olsun metrodan istifadə etməsin. Axı, metro vasitəsilə uzun məsafəni qısa bir zamanda qət etmək mümkündür ki, bu da vaxt itkisinin qarşısını alır. Təhlükəsizliyin təmin olunduğu, ən müasir sistemlərlə təhciz olunmuş nəqliyyat vasitəsi kimi metrodan istiadə etmək vətəndaşlarda böyük məmnunluq yaradır.

Bakı metropoliteni 1967-ci il noyabrında qapılarını xalqın üzünə açıb. Həmin gün Bakı Soveti (indiki İçərişəhər) - Nərimanov sahəsində 5 stansiya istismara verilmişdir. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrikli dəmir yolu idi.
O, vaxtdan keçən 51 ildə yeraltı yolların istismar fəaliyyətində xeyli dəyişikliklər olub. Gözəl, yaraşıqlı stansiyaların sayı artıb, metropolitenin texniki təchizatı zənginləşib, kadrları təkmilləşib. Metropolitenin vaqonlarının hamısı bu gün daşıma həcminin tələblərini yerinə yetirmək iqtidarındadır. Yollar, tunellər və oradakı bütün texniki qurğular təhlükəsiz hərəkəti təmin etməyə qadirdir.

Böyük strateji əhəmiyyət daşıyan Bakı Metropoliteninin tikintisi, inkişafı, perspektivi də ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin, zəhmətinin bəhrəsidir. “Metro Bakı üçün böyük bir nemətdir, böyük bir sərvətdir”,- deyən ulu öndərin Bakı metropoliteninin bugünkü səviyyəyə çatmasında müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi dövründə metropoliteninin 14 stansiyası tikilib istifadəyə verilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2008–ci il 10 noyabr tarixli sərəncamı ilə sərnişin nəqliyyatı sistemini təkmilləşdirmək və şəhər nəqliyyatında hərəkətin gərginliyini azaltmaq məqsədilə “Bakı metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı” təsdiq edilmiş, yeni perspektiv sxem hazırlanmış, onun icrasına başlanmışdır.
Dövlətimizin başçısının 29 oktyabr 2006–cı il tarixli sərəncamı ilə hər il 8 noyabr metro işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Son illər tikilib istifadəyə verilmiş və müasir üslubda bərpa edilmiş metro stansiyaları, özünün mükəmməl arxitekturası ilə Bakının memarlıq ənənələrini daha da zənginləşdirir, əsl mədəniyyət abidəsi kimi şəhərə yaraşıq verməklə yanaşı, ilk növbədə, çoxmilyonlu paytaxt sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.

Yeraltı metro səltənətində burada çalışanların və minlərlə insanın təhlükəsizliyinin təmin olunmasında polislərimizin rolu danılmazdır. Yerin üstündə olduğu kimi, “yerin altında” da onlar gecəli-gündüzlü, sayıq, peşəkar xidmət aparırlar. Təbii haldır ki, böyük bir insan axını olan yerdə neqativ hallara da rast gəlmək mümkündür. Amma polislərimiz, hər zaman olduğu kimi, metroda da vətəndaşın yanında, cinayətə meyilli şəxslərin qarşısındadırlar. Bunun nəticəsidir ki, redaksiyamıza ünvanlanan məktublarda metroda yaranan nasazlıq zamanı, yaxud hər hansı ekstremal vəziyyətlərdə (bunun artıq bir neçə dəfə şahidi olmuşuq), ümumiyyətlə, hər hansı problem yarananda onlara göstərdikləri köməyə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirir, uğurlar arzulayırlar. Necə deyərlər, balığı ürəklə atsan dəryaya, balıq da bilər, Xalıq da...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər