Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

01.11.2018

Qanad ola bilsəm, bayraq ola bilsəm…

Dünya xalqlarının tarixinə nəzər yetirdikdə onları bir-birindən fərqləndirən çoxsaylı cəhətlərlə qarşılaşırıq. Yerləşdikləri coğrafi məkan, malik olduqları etnik köklər, mədəni, dini, tarixi-siyasi faktorlar bu fərqliliyi yaradan başlıca səbəblərdir. İnsan birliklərinin qeyd etdiyim amillər əsasında toplum və xalq olaraq formalaşmağa başladığı zamandan bu yana onların mənsub olduqları özünəməxsus keyfiyyətlərin ifadə formaları həmişə müxtəlif simvollar və atributlarda öz əksini tapıb. Bu atributlardan məna və məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olanı Bayraqdır.

Bayraq xalqın öz düşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir. Lakin həqiqət budur ki, hər xalqa öz bayrağını dalğalandıra bilmək səadəti nəsib olmur.

Üçrəngli bayrağımız hələ 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmişdi. XI Qırmızı Ordu, sovetlər onu damdan, daşdan endirdi, əvəzində bayrağımız özünü əsl azərbaycanlı sanan, əsl azərbaycanlı olan insanlarımızn ürəyinin, arzularının, ideallarının başına dikdi.
1990-cı ilin noyabrında bu bayraq Naxçıvanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən yenidən Azərbaycanın dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Naxçıvanda dövlət bayrağı kimi rəsmən təsdiq edildi. 1991-ci ildə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə Azərbaycan Respublikası Demokratik Cümhuriyyətin varisi elan edildi və Məhəmməd Əmin Rəsulzadənin: “Bir kərə yüksələn bayraq bir daha enməz” həqiqəti öz təsdiqini tapdı.

Ümummilli liderimiz bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun.”
Nənəm yuxularında Şuşanı tez-tez görürdü. Hər dəfə də onun kövrək, hüzünlü, amma həyat, yaşam dolu röyalarını biz də «görəndə», eşidəndə xəyalən az qala hər gün Qarabağa – Şuşaya qonaq gedərdik, quş olub, o gözəl, doğmadan-doğma Vətənin nağıllı dünyasında qanad çalıb uçardıq.
İndi o yuxular yoxdu, çünki nənəm bu dünyamızdan ayrılıb. İndi mən hər gün quş olub, bayrağa dönüb Şuşanın göylərində, düzlərində, dağlarında gəzib-dolaşmaq istəyirəm…
Ruhiyyə Əliyeva,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər