Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

07.11.2018

Bu, bizim mətbəədir tanış olaq!

Səhər tezdən maşınların səsi ilə başlayır onların işi. Əgər bu maşınlar saz vəziyyətdədirsə, deməli, başlamaq olar. Çapçıdan tutmuş cildçiyə kimi hərə öz işini yaxşı bilir. İllərin sınağından çıxmış peşəkarlar bu gün həm də bildiklərini gənclərə öyrədirlər. Bu, həyatdır, estafeti ötürmək lazımdır.
Mətbəəmizlə, onun qocaman əməkdaşları ilə bağlı bir neçə dəfə yazmışıq. Mətbəə yarandığı gündən bu günə kimi əli işdən, gücdən soyumayanları niyə tanımayaq ki?

DİN-in bütün çap məhsulları burada- Maddi-Texniki Təminat Baş İdarəsinin Mətbəəsində işığa çıxır - “Mübariz keşikdə”, “Polis”, “Əsgər” qəzetləri, “Asayişin keşiyində” jurnalı, “Məlumat bülleteni” və s.
Texnika, hər gün yeniləşən avadanlıqlar işimizi yüngülləşdirsə də, vaxtı qabaqlasaq da yenə insan əlinə və əməyinə ehtiyac var. Çap edilən hər məhsulda həm də onların sevgisini, ruhunu görürük. Çünki işlərini sevir, nə edirlərsə ürəkdən, məsuliyyətlə edirlər.

Dünyaməddin Mərdanov 10 ilə yaxındır ki, burda çalışır. Baş çapçıdır. Düzü, onu iş başında görəndə sevinirik. Çap ləngiməyəcək, çap maşınında baş verən hər hansı problem tezliklə həllini tapacaq.
Dünyamədinin həm də gözəl əl qabiliyyəti var. Taxta və dəmir üzərində elə gözəl naxışlar, ornamentlər işləyir ki...

Viktor Muratov da qocamanlardandır. 50 ilə yaxın iş stajı var. Deyir ki, işləməsə yorular. Həm də insan sevdiyi peşə ilə məşğul olanda elə bil dünyanı ona verirlər. İşi sözlə rəngin vəhdətidir. Burda maariflənir, oxuyur və öyrənir.

Bəli, “Mübariz keşikdə”nin də, jurnalımızın da, elə digər qəzetlərin də ilk oxucuları onlardır.
“İşinin peşəkarı olmaq insanı kimsədən asılı etmir və o, heç zaman ümidsizliyə qapılmır. Bilmədiyini öyrənmək isə ayıb deyil. Biz hamımız elə bərkə-boşa düşüb, çətinlik görüb öyrənə-öyrənə öyrədən olmuşuq. Gördüyün işin ürək açan, cana yaxın olması tək sənin uğurun deyil, kollektiv əməyin məhsuludur. Bunu burda çalışan gənclərə həmişə belə aşılayırıq”,-deyir mühəndis-texnoloq Zöhrab Məmmədov.

Kollektivin ən gənc əməkdaşı Məhəmməd İslamzadə olsa da kompyuter üzrə tərtibatçı və dizayner kimi işində yeniliklər etməyi xoşlayır. Bütün günü axtarışdadır. Çap məhsullarının rəng seçimindən tutmuş, həriflərin şriftinə kimi nələrsə müzakirə olunanda Məhəmmədin yanaşması, fikirləri nəzərə alınır. Yəni söhbət işin faydasından, xeyrindən gedəndə “böyüklər danışsın, kiçiklər sussun” tendensiyası burda keçərli deyil. Hər kəsin söz haqqı var...

Şübhəsiz ki, burdakı mühit, ab-hava həm baş idarə, həm də mətbəə rəhbərliyinin diqqətində və nəzarətindədir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər