Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

14.11.2018

Bir amal var: xilas etmək!

NBPİ Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları reyd zamanı noyabrın 14-də Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsi olmadan kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırlayan qəsəbə sakini Emil Abdulrəhimovu saxlayıblar. Həmin şəxsdən hisə verilmiş xeyli kütüm, siyənək və qaxac edilmiş balıqlar götürülüb. Araşdırma zamanı onun sərxoş vəziyyətdə olduğu da müəyyən edilib.
Bu hadisə xəbər saytlarında yayımlandı. Bəlkə də hisə verilmiş balıq adı ilə “ölüm satan” bu şəxs polis tərəfindən saxlanılmasaydı, kim bilir neçə ailə başsız, övladsız qalacaqdı. Qida təhlükəsizliyi ilə bağlı dövlət qurumlarının həyəcan təbili çaldığı dönəmdə bu faktın üstünün açılması polisin insan həyatına verdiyi dəyərin ən bariz nümunəsidir.

Bəli, balıq mövsümüdür. Hər birimiz Xəzərin bu gözəl nemətindən dadmaq, onu əzizlərimizə, doğmalarımıza yedirtmək istəyirik. Hisə verilmiş balıq adı altında aldığımız bu kabus isə ömrümüzü yarıda qoyur. Maraqlı olan həm də budur ki, tutulan şəxs içki düşkünüdür. O, bir şüşə spirtli içkidən ötrü nəyə desən gedər...
Təbiəti çirkləndirən, Xəzərimizə qənim kəsilənlərlə mübarizədə həyatlarını risqə atan sözügedən qurumun fəaliyyətindən dəfələrlə yazmışıq.

Bir, beş, on deyil, onlarla insanın həyatını ölümün əlindən alan, qısa zaman kəsiyində etibarı, inamı doğrultmaq üçün idarənin imkanlarını və şəxsi heyətini səfərbər edən polis polkovniki Rövşən Eyyubovla məlum hadisə ilə bağlı daha ətraflı məlumat almaq üçün görüşdük.
“Düzü, bu barədə məlumat alanda əməkdaşları təlimatlandırdım və uğurlu bir əməliyyat təşkil etdik. İşin cinayət tərəfi qalsın, axı, aldığı məhsulun necə hazırlanmasından xəbəri olmayan onlarla şəxsin həm özünün, həm də ailə üzvlərinin zəhərlənməsinə səbəb olan işbazları elə “iş başında”ca yaxaladıq. Gördüyümüz mənzərədən dəhşətə gəldik. O, müxtəlif əşyaları yandırmaqla bəlkə də çoxdan tutulmuş balıqları hisə verirdi. Antisanitar qaydada balıq məhsulları hazırlanan yerin zibilliklər içində olduğunu görəndə bu adamın vicdan hissini itirdiyinin şahidi olduq. Cüzi qazanc və bir şüşə spirtli içki üçün belə bir çirkin niyyətə əl atmağa nə ad vermək olar ki?
Yeri gəlmişkən həmin məmulatlar xüsusi laboratoriyaya təqdim edilib. Həkimlər deyiblər ki, belə antisanitar qaydada hazırlanan məhsullarda Botulizm xəstəliyi aşkarlanır. Bu isə ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir…
Təbiətimizə qənim kəsilənlərə gəlincə, onların başının üstünü polis anındaca alır. Bu gün Xəzər dənizi də daxil olmaqla, gölləri, çayları, su hövzələrini, sututarları polis gecə-gündüz, özü də ayıq və sayıq qoruyur.

Öyrənirik ki, şəhid ailələrinə, əlil və şikəst insanlara, dəniz sahilində yaşayan və yemək üçün “3-5” balıq tutanlara güzəştlər edilir. Əsas odur ki, onlar qanunun, deməli, polisin haqlı tələblərinə riayət edib insan həyatını riskə atmasınlar.
“Polisin haqlı tələbləri”, düzü, bizim də marağımıza səbəb oldu. “O, hansı tələblərdir” sualımız cavabsız qalmadı: “Mübarizə öz yerində, ancaq əsas işimizi maarifləndirmə üzərində qurmuşuq. Balıqçılıqla məşğul olan şəxslər müvafiq qurumlardan icazə alırlar. Polis yalnız bir halda onların fəaliyyətinə müdaxilə edə bilir: Əgər şəxs 5 kiloqramdan çox balıq tutubsa və ya adı qırmızı kitaba salınmış balıqları, ov quşlarını ovlayıbsa, ən ümdəsi, həyatını təhlükəyə ataraq ov etmək üçün təyin edilmiş məsafədən uzağa gedibsə, o zaman polis onun fəaliyyətinə müdaxilə edir.”
Bunları da polis polkovniki Rövşən Eyyubov dedi. O, brokoynerliklə, bir sözlə, təbiətə qənim kəsilənlərlə mübarizədə fədakarlıq göstərən əməkdaşların- “Brokoynerliyə qarşı mübarizə və balıq ehtiyatlarını mühafizə” bölməsinin rəisi, polis mayoru Elmir Süleymanovun, polis mayoru Cahangir Məmmədovun, polis baş leytenantı Xəqani Məhərrəmovun, polis leytenantları Məhərrəm Əliyevin, Murad Əsədzadənin, polis serjantları Musa Soltanovun, Xəyyam Musayevin və Azər Mirzəyevin adını xüsusi vurğuladı.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər