Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

03.12.2018

Müzakirənin mövzusu gənclik idi...

“Gələcəyimizi və gəncliyimizi qorumaq üçün bu bəlaya qarşı hər birimiz səylərimizi birləşdirməli və maariflənməliyik”.

Bu fikirlər 148 nömrəli məktəbdə “Narkomaniyaya yox deyirik” mövzusunda keçirilən tədbirdə səsləndi. Məktəbin direktoru Esmira Babayeva şagirdlərin vətənpərvər ruhda böyüməsi, onların elmə-biliyə marağının artırılması ilə bərabər bu cür tədbirlərin keçirilməsinə görə Daxili İşlər Nazirinin rəhbərliyinə təşəkkür etdi. Bildirdi ki, uşaqlar, yeniyetmələr arasında narkomaniyanın qurbanlarının sayını azaltmaq məqsədi ilə ailə, məktəb və polis vəhdətinə ehtiyac var.

Sonra o, qonaqları şagirdlərə təqdim etdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov narkomaniyanın fəsadlarından, maarifləndirmənin vacibliyindən, aparılan mübarizədən danışarkən dedi ki, bu bəla cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur.
Həkim-narkoloq Pərvin Abbasova narkomaniyanın birbaşa genefonda zərərini və narkomaniyanın müalicəsinin çox çətin olduğunu qeyd etdi.

“Hamı narkomaniyanın ziyanlı olduğunu bilir, təəssüf ki, onun toruna düşənlərin sayı günbəgün, özü də çox sürətlə artır. Niyə? Bax, elə bu “niyələrə” cavab tapmaq üçün sizinlə görüşə gəlmişik”,- deyən RPİ-nin rəisi, polis polkovniki Eldar İlyasov narkotiklərlə hüquq-mühafizə orqanlarının, xüsusən də polisin və digər dövlət orqanlarının qətiyyətli mübarizəsi barədə görülən işlərdən danışdı.

E.İlyasov narkotikə aludəçiliyin, əsasən, gənclik dövründə başlanıldığını, buna görə də elə məktəb dövründən profilaktik işlərin aparılmasının vacibliyinə diqqət çəkdi. Bildirdi ki, narkotik qəbul edənlərin, xüsusi ilə yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır.
O, dedi ki, belə maarifləndirici tədbirlərin keçirilməsi dövlətimizin gələcəyi və dayaqları olan gəncliyimizi qorumağa yönəlib.

RPİ-nin bölmə rəisi, polis mayoru Əli Babayev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvü Raqif Allahverdiyev yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.

Daha sonra məktəbin 11-ci sinif şagirdi, karate üzrə respublika və iki dəfə dünya çempionu Ləman Seyidəliyeva idman uğurlarından danışdı, həmyaşıdlarını ölkəmizin idman hərakatında fəal şəkildə iştrak etməyə çağırdı.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər