Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

21.12.2018

Uğurlar da, sınaqlar da qarşıdadır...

İdman ölkəmizdə ümümmilli hərəkata çevrilib. Bir zamanlar dünya, Avropa çempionatlarına, olimpiya oyunlarına qatılan barmaqla sayılacaq qədər idmançılar vardısa bu gün həmin yarışlarda müxtəlif çəki dərəcəsində yüzlərlə perspektivli gənc gücünü sınayır. Uğurlar isə göz önündədir.

İdman sülhə, tolerantlığa çağırışdır. Elə ölkəmizdə keçirilən idman tədbirlərinin də şüarı məhz budur. İdman, sözün əsl mənasında, tanıtım deməkdir. Yəni uğur qazanan idmançı həm də ölkəsini tanıdır.
Polis idmançılar. Onlar da idman tariximizə öz imzalarını qızıl hərflərlə həkk ediblər. Adlarına qəzetlərin manşetində, xəbər saytlarında rast gələndə, yarışlarını televiziya ekranlarından izləyəndə dilimizdən bu nida qopub: onlar bizim fəxrimizdir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşı, polis baş leytenantı Nahid Əsədovun da adı idmansevərlərə yaxşı tanışdır. İdman nailiyyətləri barədə çox yazılıb, çox deyilib. Elə biz də istədik ki, bunu yenidən yada salaq, xatırlayaq.

Həmkarımız 1988-ci ildə Qubadlıda doğulub. Qubadlının işğalından sonra Sumqayıtda məskunlaşıblar. Kiçik yaşlarından idmanın kikboks növü ilə məşğul olmağa başlayıb. Azərbaycan Dövlət İdman Akademiyasını və DİN-in Polis Akademiyasını bitirib. Altı ildən çoxdur ki, DİO-da xidmət edir. Düz on iki dəfə Azərbaycan çempionu olub. Sonradan gücünü beynəlxalq yarışlarda da sınayıb, bayrağımızı qaldırıb və himnimizi səsləndirib. Moskvada, Afinada və Taylandda keçirilən dünya çempionatlarının qalibi olub. Peşəkarlar arasında 2007-ci ildə keçirilən yarışda Azərbaycan, 2009-cu ildə Avropa, 2011-ci ildə Asiya kəmərini qazanıb. 2017-ci ildə ulu öndərin xatirəsinə həsr olunmuş turnirdə isə ən güclü olduğunu sübut edib. 2014-cü ildə “İdman ustası”, bu il isə Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar idman ustası” adına layiq görülüb.

Elə bu münasibətlə şöbədə keçirilən tədbirdə həmkarımızı təbrik edən polis polkovniki Bəhruz Cabbarov onun uğurlarından və bu gün ölkə və DİN rəhbərliyi tərəfindən idmançılara göstərilən qayğıdan danışdı.
Sonra o, “Əməkdar idman ustası” adının döş nişanını və vəsiqəsini həmkarımıza təqdim etdi. Yaradılan şəraitə görə təşəkkürünü bildirən polis baş leytenantı Nahid Əsədov üzümüzə gələn ildə qazandığı qələbələrin sevincini doğulduğu Qubadlıda yaşamağın ən böyük arzusu olduğunu dedi.


Geriyə Çap et


Faydalı keçidlər
Linklər