Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

23.12.2018

Daxili İşlər Orqanlarının və Daxili Qoşunların Şəxsi Heyətinə

Hörmətli həmkarlar!

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu inkişaf strategiyasının və azərbaycançılıq ideologiyasına söykənən milli həmrəylik siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirməsi sayəsində uğurla başa vurduğumuz 2018-ci il də ölkəmizin ictimai-siyasi həyatında bir çox əlamətdar hadisələrlə zəngin olmuşdur. Aprel ayında keçirilmiş prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi və növbəti müddətə dövlət başçısı seçilməsi ilin ən mühüm hadisəsi kimi tarixə yazılmışdır.

2018-ci ildə Azərbaycan polisi özünün 100 illik yubileyini böyük iftixar hissi və təntənə ilə qeyd etmişdir. Möhtərəm Prezidentimiz şanlı yubiley münasibətlə şəxsi heyətə ünvanladığı təbrik məktubunda daxili işlər orqanlarının fəaliyyətini bir daha yüksək qiymətləndirmiş, xidməti vəzifələrinin icrasında xüsusilə fərqlənən onlarla əməkdaş və hərbi qulluqçu dövlət mükafatlarına layiq görülmüşdür.

Bu gün Azərbaycanın daxili işlər orqanları güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır. Şəxsi heyət digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə ictimai asayişin keşiyində etibarlı dayanır, cinayətkarlığa qarşı mübarizəni böyük əzm və qətiyyətlə aparır, vətənpərvərliyi və anda sadiqliyi ilə seçilir.

Əminəm ki, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentimizin, Ali Baş Komandanın yüksək etimadını bundan sonra da layiqincə doğruldacaqsınız.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşların və hərbi qulluqçuların ailə üzvlərini səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!

 

Ramil Usubov,
Azərbaycan Respublikasının
daxili işlər naziri
general-polkovnik

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər