Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

03.01.2019

Bu da belə bir ömürdü, yaşayır…

Onun: “ömrüm yollarda keçib”,- deməyə haqqı var. Bu yollar ona çörək də qazandırıb, hörmət də. Yolu kənddən-şəhərə, gecədən-gündüzə düşüb. Beləcə, çətin və sonu uğurlu bir yol seçib-sonalayıb özü üçün. Saf niyyətlə çıxıb yollara. Yol azanlara həyan olub, yol göstərib. Ömründəki yolları yazıya aldıqca gözündən- könlünə gedən yolları da gördüm. Söhbət əsnasında xatirələrinin yolu atalı-analı günlərindən düşəndə qaşlarını çatıb kövrəldi də. Bütün bu yolların hamısına aydınlıq gətirəcəyik yazımızda.

Üzü doxsana gedir Fazil Əliyüseyn oğlu Hacıyev. Cavanlar tanımaz. Düzü, məqsədimiz də elə onu gənc nəslə tanıtmaqdır. Belə fədakar, zəhmətdən qorxmayan, peşəsinə vurğun insanlarla həmsöhbət olanda həyat adama daha doğma, daha şirin gəlir. Onu acısı ilə də, şirini ilə də daha çox sevməyə başlayırsan.

Fazil Hacıyev 1938-ci ildə Ağdaşın Bucaqotağı kəndində doğulub. Orta məktəbi bitirib, böyük qardaşı kimi oxumaq üçün 1962-ci ildə Bakıya üz tutub. Əvvəlcə alışa bilməyib bu “küləklər şəhəri”nə. Sonradan zaman hər şeyi öz yoluna qoyub. Politexnik İnstitutunun hazırlıq şöbəsində oxuyub və 1963-cü ildə institutun axşam şöbəsinə qəbul olunub. Həm işləyib, həm oxuyub. DİO-da xidmətə sürücü-milis nəfəri kimi başlayıb. İnstitutu bitirdikdən sonra zabit olub. Deyir ki, 1969-cu ildə dövlət yol polisində zabitlərdən ibarət xüsusi tağım yaratdılar. Tağımın əsas işi ölkəyə gələn qonaqları və yüksək çinli dövlət məmurlarını müşaiyət etmək idi. Küçə hərəkətinin tənzimlənməsindən tutmuş müxtəlif xidmətlərdə çalışıb. Veteranımız: “O dövrün də öz çətinliyi vardı və gözünü ağlı-qaralı şəkillərə zilləyib:
Ömür ağlı-qaralı ip,
Uzun-qısa Tanrı verib,-
deyərək, dərindən bir ah çəkir...
Şəkillərdən birini götürüb gülümsəyir: “Bax, bu maşın məni heç vaxt darda, çətində qoymayıb. “Çağırış nömrəsi” 308 idi. Onda belə sıxlıq deyildi. İndi şəhərdə maşın sayı adamdan çoxdu. Hələ yolları demirəm. Məsuliyyətə gəlincə, bu gün polisin işi daha çətindir. Dünyanın düzəni də dəyişib, insanların təfəkkürü də. Yollarda xidmət eləyən davamçılarımıza gəlincə, onlar, sözün əsl mənasında, həyat qurtarırlar. Bu yaxınlarda televiziyadan izlədiyim epizod məni çox kövrəltdi. Polislər qadını və onun körpəsini vaxtında xəstəxanaya çatdırıb həyatlarını xilas ediblər”.

O, 1991-ci ildə milis baş leytenantı rütbəsində təqaüdə çıxıb. Onu yaddan çıxartmadıqlarına, unutmadıqlarına görə vaxtilə bir yerdə işlədiyi, bu gün də onun kimi təqaüddə, amma ondan yaşca xeyli kiçik olan gənc veteranlardan razılığını bildirir. Söhbət əsnasında Bakı Şəhər Baş Polis İdarəsi Vetranlar Şurasının sədri, polis veteranı Əvəz Abbasovla zarafatından da qalmır...

Bir ayağı yenə kənddədir. Dədə-baba yurdunu unutmur, baş çəkib qohum-əqrabanı yad eləyir. Nə ötən günlərə, nə də uzaqdan, ağlı-qaralı şəkillərdən “əl eləyən” illərə heyfslənir.
Ayrılanda: “90-da görüşərik”, -dedim. Təbəssümlə: “qismət olsa”,- dedi.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər