Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

10.01.2019

Haqq yerini tapanda...

Hər bir insan öz həyatında kiməsə təşəkkür edir. Kimsə hər gün, kimsə həftədə bir dəfə, kimsə, bəlkə həyatında bircə dəfə ürəkdən: "Çox sağ ol!" deyir.

Sözsüz ki, ilk növbədə hamımızı yaradan uca tanriya, ikincisi isə dünyaya gəlişimizə vəsilə olan, əzab-əziyyətimizi çəkən valideynlərimizə, sonra əlimizdən tutub “Vətən”, “Ana”, “Ata” kəlmələrini yazmağı öyrədən müəllimimizə təşəkkür edirik.

Uşaqlıqdan nəzakətli olmağı böyüklərimiz bizə öyrədiblər. Anaların körpələrinə dediyi: “İndi isə “sağ ol” demək lazımdır” sözləri ömür boyu, necə deyərlər, “qulaqlarımızda sırğa olur”.
“Sağ ol” deyərkən dünyanı daha da gözəlləşdirir, təşəkkür edərkən ətrafdakılara şəfqət, ehtiram və etimad bəxş edirik.

Minnətdarlıq sehrli xüsusiyyətlərə malikdir. Onların köməyi ilə insanlar bir-birinə sevinc hisslərini, müsbət emosiyalarını çatdırırlar.
11 yanvar bütün dünyada Beynəlxalq Təşəkkür Günü kimi qeyd olunur. Bu günü ilin ən “nəzakətli günü” hesab edənlər də var...

İnsan dünyaya ağlaya-ağlaya gəlib, ağlaya-ağlaya getsə də sevərək yaşayır, sevilərək yaşamalıdır. Bu, yer üzünün incisi sayılan insanın fitrətində var, Yaradanın bizə lütfüdür, bizə verilən dəyərdir.
Gəlin, bu dəyərə layiq olduğumuzu ayda, ildə, ömürdə bir dəfə yox, hər gün, hər dəfə ürəkdən doğulanı dilə gətirək, sahibinə, haqqı çatanlara söyləyək. İnanın, onda dünya daha gözəl olar.
Dünya haqq yerini tapanda gözəl olur...

Geriyə Çap et


Faydalı keçidlər
Linklər