Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

16.01.2019

Bu qələbələr hamımızda qürur doğurur

Azərbaycan dünyada “İdman ölkəsi” kimi tanınır. Bu bizim əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Son illər dünyanın hansı qitəsində, ölkəsində keçirilməsindən asılı olmayaraq, bütün mötəbər idman yarışlarında, Olimpiya oyunlarında azərbaycanlı təmsilçilərin qələbələrini izləməyə, uğurlarına sevinməyə adət etmişik. İnamımızı hər zaman doğruldan idmançılarımızın ustalığı günü-gündən təkmilləşir və uğurları artır. Müasir və müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndərimiz Heydər Əliyevin strateji kursunu davam və inkişaf etdirən möhtərəm dövlət başçımız cənab İlham Əliyevin gənc idmançılara yaratdığı imkanlar qürurvericidir. Bu sırada DİN İdman Cəmiyyətinin yetirmələri də ulu öndərimizin və möhtərəm dövlət başçımızın daim diqqət və qayğısı ilə əhatə olunublar.

Cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən, asayişi, sabitliyi qorumaq üçün gecəli-gündüzlü sayıq xidmət aparan, yeri gələndə silahlı şəxsləri tərksilah edən, yanğının, odun-alovun içindən insanları xilas edən polislərimizin bizə idman zəfərləri də bəxş etməsi xəbərləri hamımızda haqlı qürur doğurur.
2018-ci il ölkəmiz üçün idman sahəsində çox uğurlu il olduğu kimi, DİN İdman Cəmiyyəti üçün də böyük uğurlar, qələbə sevincləri ilə yadda qalıb. Daxili işlər orqanlarında idmanın inkişafına xüsusi diqqət göstərilməsi bu sahədə böyük nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaradır. Dünya miqyaslı yarışlarda qurumun əməkdaşları böyük nailiyyətlər qazanmaqla Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.

Ötən il DİN İdman Cəmiyyəti tərəfindən ölkə və beynəlxalq miqyaslı yarışlarda 253 medal qazanılıb. Onların 104-ü qızıl, 62-si gümüş, 87-si bürüncdür. Yeniyetmələrdən ibarət komanda 67, gənclər yığması 59 medal qazanıb. Qalan 127 medal isə böyüklərin payına düşür. Mükafatlardan 82-si beynəlxalq, 171-i isə respublika birinciliyi və çempionatlarında əldə edilib. Onlardan 30-u ölkənin milli komandalarının tərkibində Avropa və dünya çempionatlarında əldə olunub.

Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Polisinin yaranmasının 100 illik yubileylərinə, dövlət bayramlarına həsr olunmuş, həmçinin idmanın kütləviliyinin təmin edilməsi məqsədilə keçirilən yarışlara 800-dək idmançı qatılıb. Yarışlarda fərqlənmiş idmançılardan 35 nəfəri I dərəcə normativlərini doldurub. Bi neçə təmsilçimiz idman ustası adına layiq görülüb. Cəmiyyətin dörd əməkdaşı - “Fəxri bədən tərbiyəsi və idman işçisi”, bir nəfər “Əməkdar məşqçi”, bir nəfər isə “Əməkdar idman ustası” fəxri adlarına layiq görülüb. İdmançılardan iki nəfərə - Azərbaycan Respublikası Prezidenti tərəfindən yeni mənzillərin orderləri təqdim olunub. Ölkəmizdə idmanın inkişafı sahəsində göstərdikləri xidmətə görə əməkdaşların dövlət tərəfindən yüksək mükafatlara layiq görülməsi onları gələcəkdə daha böyük uğurlar qazanmağa həvəsləndirir.

Hazırda İdman Cəmiyyətinin Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərləri üzrə regional qurumlarında idmanın 17 növü üzrə bölmələr fəaliyyət göstərir. Cüdo, boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, bədii gimnastika, stend atıcılığı, güllə atıcılığı, atletika, atçılıq, karate, əlbəyaxa döyüş, kikboksinq, ciu-citsu, aykido, akrobatika, uşu-sanda üzrə idman bölmələrində yüzlərlə yeniyetmə və gənc məşğul olur.

Ötən ilin son günləri Cəmiyyətin təmsilçiləri və polis idmançılar üçün daha yadda qalan oldu. İdmanın Sərbəst və yunan-Roma güləşi, cüdo, karate, boks və digər növləri üzrə ölkə çempionatlarında təmsilçilərimiz yüksək nəticələr qazandılar. Qalib gələn idmançılarımız ölkəmizin milli yığmasının heyətinə düşməklə beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququ qazandılar.

Biz inanırıq ki, növbəti illərdə də idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmək, hər zaman bayrağımızı yüksələrdə dalğalandırıb himnimizi səsləndirmək üçün var qüvvələri ilə çalışacaqlar.

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər