Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

03.03.2019

İbrət dərsindən ibrət gününə

“Dünya Xatın, Sonqmi kimi çox faciələrə şahidlik edib. Lakin onların heç biri Xocalıda törədilənlərlə müqayisə edilə bilməz. Milli kimliyinə və dini əqidəsinə görə işgəncələrlə öldürülən, yurdundan-yuvasından qaçqın və məcburi köçkün düşən soydaşlarımızın haqq səsini həmin illərdə dünya eşitmədi. Bu, əlbəttə ki, ayrı-seçkilik, bəşəri dəyərlərə zidd olan yanaşma idi. İyirminci əsrdə Xocalı facəisinin törədilməsi türk dünyasının bir parçası olan Azərbaycanın gözünü qorxutmağa və qürurunu sındırmağa hesablanmışdı. Qətliam gecəsi təkcə xocalılar deyil, həm də Azərbaycan tarixinin böyük bir dövrünü özündə əhatə edən mili mədəniyyət abidələri, mədəni sərvətlər yerlə-yeksan olundu. Xalqımız bunu unutmur, şəhid qardaş və bacılarımızın əziz xatirəsini ehtiramla daim yad edir”.

Bu fikirləri Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbirdə dedi. Sonra soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Baş idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Məhəmməd İsmayılov ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi səbəbini tarixi ardıcıllıqla sadalayaraq bildirdi ki, ilk cümhuriyyətimiz qurulana qədər millətçilər Azərbaycanda on minlərlə azərbaycanlını qətlə yetiriblər. 1905-1918-ci illərdə baş verən hadisələlər bu gün hər birimizə ibrət dərsidir. Qubada qətliam izlərinin tapılması və elə beynəlxalq ekspertlərin də iştirakı ilə orada arxeoloji qazıntıların aparılmasından sonra bir daha aydın oldu ki, erməni millətçiləri təkcə türklərə deyil, Azərbaycanda yaşayan bütün insanlara nifrət hissi ilə yanaşaraq soyqırım törədiblər. Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu deyən polis polkovniki Məhəmməd İsmayılov yalnız xalqın təkidli tələbilə hakimiyyətə qayıdan ulu öndərin prinsipial mövqeyi sayəsində soyqırıma obyektiv hüquqi-siyasi qiymət verildiyini bildirdi.

Xocalı qırğınlarının şahidi, soyqırım zamanı doğmalarını itirən polis mayoru Asif Usubov Xocalının timsalında Azərbaycanın təkləndiyini qeyd etdi. Dedi ki, o günlərə qayıtmaq, o anları xatırlamaq ağır olsa da bu faciə bizə unutqanlığımızı unutdurub, dostumuzu və düşmənimizi tanıtdırdı. A.Usubov bu gün də xaricdə erməni təbliğat maşınının Azərbaycana qarşı qarayaxma kompaniyalarını apardığını, Ermənistanın zaman keçdikcə daha da azğınlaşdığını qeyd edərək, həmin faciə haqqında kitablardan oxuyan gənclərimizin düşmənə nifrət hissi ilə böyüdülməsinin vacibliyini bildirdi.

Xocalının müdafiəsi zamanı həlak olan şəhid polislərin ailə üzvləri çıxışlarında soyqırımın dünyada tanıdılması istiqamətində səyləri dəstəklədiklərini, dünya ictimaiyyətinin bu faciəyə layiqli qiymət verəcəyinə, qətliamı törədənlərin ədalət məhkəməsi qarşısına çıxacağına inamlarını ifadə etdilər.
Tədbirə yekun vuran baş idarə rəisi, polis general-mayoru Emin Şəkinski Prezident İlham Əliyevin başçılığı ilə dövlətimizin soyqırımın dünyada tanınması istiqamətində gördüyü işlərin, Heydər Əliyev Fondunun fəaliyyətinin bu istiqamətdə də istənilən nəticəni əldə edəcəyinə əminliyini bildirdi.

H. Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər