Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

05.03.2019

Yaşananlar, xatırlananlar

Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər onun çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq etmişdir. Yaradılmış şərait DİO-da xidmət edən qadınların da öz imkanlarını gerçəkləşdirmələrinə kömək edir.
Bayramlar ərəfəsində xidməti fəaliyyəti, şəxsi keyfiyyətləri ilə hörmət qazanan və indi artıq istefada olan polis polkovniki Marina Nəsibova ilə görüşdüm. Bu görüş onun üçün də xoş oldu və çox sevindi.
Görüşümüz günəşli bir günə təsadüf etmişdi. Pəncərənin qarşısında dayanan Marina xanımın gözləri göyün dərinliklərinə zillənmişdi. O gözlərdə yaşanmış ömrə görə fərəh, qürur hissi, ötən ömrün həsrətini gördüm...
Biixtiyar tez-tez səmaya baxmaq vərdişi ona atasından gəlir. Göz işlədikcə uzanan Uzaq Şərqin göylərini, atasının hərbi təyyarəsinin Saxalin adasında hər dəfə böyük şövqlə səmanın ənginliyinə qalxmasını, taleyin qisməti ilə 5 yaşında Azərbaycana dönüşünü yada salır.
Nə yaxşı ki, dönüb...1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub. Elə hər şey də ondan başlayıb. 1979-cu ildə ilk dəfə Daxili İşlər Nazirliyinə işə gəldiyi günü şövqlə danışır.
Gözəl ana, qayğıkeş ömür-gün yoldaşı, mehriban nənə Marina Nəsibova uzun illəri qət edib inspektor vəzifəsindən Baş Kadrlar İdarəsinin Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinədək keçdiyi çətin, şərəfli yoldan maraqlı, ibrətamiz misallar çəkir.
İlk baxışdan ciddi görünməsinə baxmayaraq, tanıyanlar mülayim xasiyyətli bir xanım olduğunu bilir, ehtiramla xatırlayırlar. Taleyindən razıdır. Özünü ötən illərə görə xətircam və qürurlu sayır.
- Hər şey insanın öz əlindədir,-deyir: Sadəcə, çalışmaq, məsuliyyətli olmaq lazımdır. Çətinlikdən qorxmayasan gərək. Xalqımıza, dövlətimizə, vəzifə borcuna layiqincə xidmət etmək üçün ölkə və DİN rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Bu şəraitdən yararlanmaq lazımdır.
“Qadın üçün gözəl ailə, etibarlı ömür-gün yoldaşı, bir də özünü həsr etdiyi, mənəvi zövq aldığı işin mövcudluğundan arzulanan nə ola bilər ki,”-deyir: “Düzdür, DİN kimi mürəkkəb və ciddi dövlət orqanında işləmək çox çətindir. Amma zəhmətinin, qabiliyyətinin ədalətlə dəyərləndirildiyini hiss edəndə, xidmətinin həssaslıqla təqdir olunduğunu görəndə daha həvəslə çalışırsan. Mən uzun illər kadr aparatında ən müxtəlif vəzifələrdə çalışmışam. Sizi inandırıram ki, bu cür münasibət sıravidən-generala, gənclərdən-ahıllara, eyni zamanda xanım əməkdaşlara eyni dərəcədədir, yüksək səviyyədədir. Belə gözəl mühit, etimad üçün təşəkkür etməliyik...”
Marina xanım, siz həmişə xatirimizdəsiniz: “Mübariz keşikdə” ləyaqətli veteranlarımızı, dostlarını heç vaxt unutmur...
Bayramınız mübarək!

 


Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər