Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

18.03.2019

İnsan olmaq üçün...

Əslində, həyatda hər bir adamın öz vəzifəsi var - yaşamaq... Düşünürsən ki, göz açdığın gündən yaşamağa başlamısan. Zaman ötür, böyüyürsən. Sınaqlar, enişlər-yoxuşlar, uğurlar və uğursuzluqlar gəlir. Pillələri addımladıqca yeni adamlarla tanış olursan, yeni dostlar həyatına rəng qatır. Ömür yolunda qazandıqlarınla yanaşı, itirdiklərin də olur.
Həyatda insanın ən böyük müəllimi onun çətinlikləridir. Çətinliklər isə düşüncələrinin formalaşamasına birbaşa təsir göstərir və səni təcrübələndirir, yeni-yeni uğurlar qazanmağa sövq edir.

Gənclik dövründə istəklərini reallaşdırmağa başlayırsan, məqsədlərə doğru qaçırsan və heç yorulmursan. Günlərinin maraqlı olması üçün hər günə fərqli başlayırsan. Kamilləşdikcə öyrəndiklərini öyrətmək istəyirsən. Beləcə, illər ötür, yaşaya-yaşaya yaşlanırsan. Vay o adamın halına ki, gəncliyini, ahıllığını hərcayi işlərə, zərərli vərdişlərə, özünün və ətrafındakıların həyatını cəhənnəmə çevirməklə yaşlanır. Buna yaşamaq yox, yaşlanmaq deyirlər. Şairlərimizdən birinin müdrik sözləri yadıma düşdü: Bəziləri insan kimi yaşamır, əşya kimi köhnəlir...
Zənnimcə, hər kəs dünyaya müəyyən bir missiyanı yerinə yetirmək üçün gəlib və bu yol Vətənə, dövlətə, dövlətçiliyə, xalqa xidmətdən keçir. Bu missiya xüsusilə həyatın dinamik dövrünə, yəni, gənclik çağlarına təsadüf edir desək, daha doğru olar. Çünki sən bilirsən ki, bu günün gənci, sabahın gələcəyidir. Gələcəyin sahibi sənsən. Elə bu düşüncə səni Vətəninə, xalqına, cəmiyyətə xidmətə sövq edir.

T.Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər