Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

28.03.2019

Qələbə əks-hücumla qazanılır

“Bu gün vətənimizdəki sabitliyi, ölkəmizin inkişafını, gənclərimizin qazandığı uğurları gözü götürməyənlər narkomaniyadan bir silah kimi istifadə edirlər. Sabitliyi poza bilməyən, günü-gündən qüdrətlənən dövlətimizin dayaqlarını sarsıtmağa gücü çatmayanlar bizi ən zəif yerimizdən vurmaq, min illər boyu qoruduğumuz dəyərlərdən məhrum etmək istəyirlər. Bax, onları bu məkrli niyyətlər birləşdirir. Bu gün biz də silahlanmalıyıq. Əslində, məktəbimizdə keçirilən maarifləndirmə tədbirinin özü bir hücumdur. Bu, bizim birgə mübarizəmiz, birgə hücumumuzdur”,- deyən Sumqayıtdakı 20 nömrəli orta məktəbin direktoru Əkbər İsmayılov sonra qonaqları təqdim etdi.

Həkim-narkoloq Vüsal Cabbarov məktəblərdə bəzi şagirdlərin siqaretə qurşanmalarını ürəkağrısı ilə qeyd etdi. Dedi ki, orqanizmini nikatinlə zəhərləyən gənc öz sağlamlığını təhlükə altına atır və beləcə daha pis, zərərli vərdişlərə meyl salır, iradəsinin zəifliyindən istifadə edənlər onu alətlərinə çevirirlər.
ŞPŞ-nin Veteranlar Şurasının sədri Rustavan Əliyev polis veteranlarının qüvvələrindən daha səmərəli istifadənin, gəncləri örnək insanlarla, gözəl nümunələrlə tərbiyə etməyin vacibliyini vurğuladı.
Sumqayıt ŞPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Əli Abdullayev Lev Tolstoyun: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır" fikri ilə çıxışına başladı.
O, narkomaniyanın insanın tədricən ölümünə səbəb olduğunu, daha doğrusu, insanın şüurlu olaraq özü-özünü ölümə məhkum etdiyini diqqətə çatdırdı, Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizənin kampaniya xarakterli deyil, davamlı siyasət olduğunu qeyd etdi.
Sonda şagirdləri narahat edən məsələlər ətrafında söhbət aparıldı, onlara narkomaniyanın zərərlərini əks etdirən bukletlər paylanıldı.

H.Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər