Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

07.04.2019

“Qonşu payı” şirin olmadı...

İran İslam Respublikasına o qədər gedib-gəlmişdi ki, artıq pasportunda möhür vurmağa yer də yox idi. Hər dəfə səfərə çıxanda ürəyindəki ağrıların artmasını bəhanə gətirirdi.
“Çətinliklə” də olsa hazırlaşıb yola çıxdı. Sərhədə də onu xəstə kimi anlayıb çox sorğu-sual etmədilər. O tərəfdə də bir problem olmadı. Lakin yoxlamalar bitər-bitməz “xəstəmizi” görən olsaydı, tanımazdı. Öncəki halından əsər-əlamət yox idi. Görünür, oraların havası ona “düşürdü”.
Sevincək ətrafı gözdən keçirdi. Bayaqdan qonaqlarını səbirsizliklə gözləyən Fərəməz və Şəhriyar qardaşları Şahini görən kimi ona sarıldılar.
-Ağa, xoş gəldin, gözləməkdən yorulduq ki...
-Evdəkilər gəlməyimə yenə narazı idilər, bir təhər çıxa bildim.
Salam-kalamdan sonra avtomobilə əyləşib yola çıxdılar. Bir neçə saat yolculuqdan sonra mənzil başına yetişdilər. Burda da Şahini ən əziz qonaq kimi qarşılayıb, qulluğunda durdular.
Artıq hər şey hazır idi. Sağollaşıb ayrılmaq məqamı gələndə, Şahin “malı” özüylə aparmaqdan imtina etdi.
-İnciməyin, bu dəfə özümlə apara bilmərəm.
-Axı, biz belə danışmamışdıq.
-Məndən şübhələnirlər...
Belə olan halda planda müəyyən dəyişiklik etməli oldular. Şahin gəldiyi kimi də geri qayıtdı. Razılaşdılar ki, bu dəfə malı iki ayrı-ayrı yerdə gizlətsinlər.
Hər şey plana uyğun gedirdi. Dövlət sərhədimizi Yardımlı rayonu ərazisindən gizli yolla keçib, 6.5 kiloqram heroini şəhərin girəcəyində, 2 kiloqramı isə Arus kəndi ərazisində gizlədib Şahinə də bu barədə xəbər verdilər.
Cəlilabad rayon sakini Şahin Novruzovun şübhəli hərəkətləri RPŞ əməkdaşlarının diqqətindən yayınmamışdı. Keçirilən əməliyyat müşavirəsində bu barədə Şöbənin rəisi, polis polkovniki Mübariz Quliyevə də məlumat verildi. Göstərişə əsasən, yaradılmış əməliyyat-istintaq qrupuna əməliyyat işləri üzrə rəis müavini, polis mayoru Rövşən Quliyev rəhbərlik etdi.
Təcrübəli polis əməkdaşları Şahinin hərəkətlərini diqqətlə araşdırır, İrana gedib-gəlmə vaxtını dəqiqləşdiriblər. Çox keçmədi ki, araşdırmalar öz nəticəsini verdi.
Şahinin səbirsizliklə gözlədiyi xəbər gəldi, “mallar”ı razılaşdırılmış yerlərə qoymuşdular. Xəbəri olan kimi tələsik evdən çıxıb bir taksi saxladı. Maşına əyləşib sürücüyə Masallıya sürməsini xahiş etdi. Əvvəl şəhərin girəcəyindəki bükülünü, sonra da o birini razılaşdırılmış yerdən götürdü. Amma bu dəfə çox uzağa gedə bilmədi...
Çingiz Şıxverdiyev,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər