Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

14.04.2019

Gec olsa da güc oldu

-Xoş gördük, əmioğlu, çoxdandı görünmürsən?
-Özün demişdin ki, əliboş gəlmə!
-Xeyir xəbərin var, deyəsən...
Rayon ərazisində dalbadal bir neçə oğurluq törətmişdilər. Polis izlərinə düşsə də yaxalanmamışdılar. Törətdikləri əməllərin cəzasız qalması onları lap arxayınlatmışdı. Özlərini gözəgörünməz hesab edirdilər.
Məhəllə-məhəllə, ev-ev gəzib, sonda axtardıqlarını tapdılar. Neftçala rayonu Bankə qəsəbə sakini Solmaz Mustafayevanın mənzilindən nə bir səs gəlirdi, nə də bir işartı görünürdü. Hər ehtimala qarşı ətrafı saatlarla güddülər. Evdən hənirti belə gəlmirdi. Kimsənin onları görmədiyindən əmin olduqdan sonra hasardan keçib evin ətrafını gəzdilər. Pəncərələrdən birinin qarşısında durdular. Özləri ilə gətirdikləri lingi işə salıb pəncərəni sındırdılar, ehmalca mənzilə keçdilər. Kimsənin gəlməyəcəyindən əmin olduqlarından arxayınca hər tərəfi axtardılar. Nəhayət, tapdılar.
S.Mustafayeva mənzilində oğurluq olmasını bir də evə qayıtdıqdan sonra öyrəndi. Dərhal da polisə məlumat verdi. Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin əmri ilə yaradılmış əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb lazımi araşdırmalar apardı.
Rəisyanı əməliyyat müşavirəsində bir daha son hadisələr müzakirə olundu, qətiyyətli tədbirlərin görülməsi tapşırıldı. Dəqiqliklə keçirilən araşdırmalar, faktlar arasındakı oxşarlıq oğurluqların eyni şəxs və ya şəxslər tərəfindən törədilməsi qənaətinə gəlməyə əsas verirdi.
Nəhayət, bütün dəlil-sübutlar şübhələri rayon sakinləri Fariz Şirəliyevə və qohumu Peyman Talıblıya yönəldi.
İkisi də polisə dəvət olundu. Fazil günahsız yerə saxlandıqlarını, onların halal zəhmətlə pul qazandıqlarını ciddi-cəhdlə bildirirdi. Sonda mənzillərdən götürülmüş əl-barmaq izlərinin onlarınkı ilə üst-üstə düşməsi və digər danılmaz faktlar qarşısında törətdiyi əməlləri etiraf etməkdən başqa yolu qalmadı.
Sonrakı araşdırmalar nəticəsində qohumların bundan başqa qəsəbədə 5, Bakının Suraxanı rayon ərazisində isə 7 analoji cinayət törətmələri müəyyən olundu.
Bu uğurlu əməliyyat barəsində bizə məlumat verən polis polkovniki V. Şəbəndiyevdən onu da öyrəndik ki, cari ilin geridə qoyduğumuz üç ayı ərzində 38 cinayətin 97,8 faizinin açılması təmin edilib. O cümlədən ağır və xüsusilə ağır cinayətlərin 100, qeyri-aşkar şəraitdə baş verənlərin 96,6, mülkiyyət əleyhinə törədilənlər isə 95,6 faiz açılmışdır. Narkotiklə bağlı 13 fakt aşkarlanmış, qanunsuz dövriyyədən 3 kiloqrama yaxın narkotik vasitə çıxarılmışdır. Axtarışda olan 10 nəfər təqsirləndirilən şəxsdən 8-i tutulmuş, xəbərsiz itkin düşən 6 nəfərdən 5-nin yeri müəyyən edilmişdir. Borclu şəxs kimi 163 nəfər axtarışda olmuşdur ki, onlardan da 112-sinin tutularaq məhkəmə orqanlarına verilməsi təmin olunmuşdur.
Çingiz Şıxverdiyev

 

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər