Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

26.04.2019

100 ilin salnaməsi

DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları akt zalında bu dəfə “Azərbaycan Polisi: 100 il Vətənə və xalqa xidmət yolu” toplusunun təqdimat mərasiminə yığılmışdılar.
“Tarixin ən çətin dönəmlərində üzərinə düşən vəzifə borcunu həm də milli heysiyyatla icra edən Azərbaycanın daxili işlər orqanlarının fəaliyyətinə işıq tutan bu topluya sizlərin də şahidliyi ilə ekskurs edəcəyik”,- deyərək tədbiri açıq elan edən DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev bildirir ki, dünəndən bu günə döyüşə-döyüşə yol gələn, gələcəyə mətin addımlarla irəliləyən polisimizin 100 illik dönəmi bu topluda faktlarla, fotolarla oxuculara təqdim edilir.
Çıxışına yaxın keçmişimizdən başlayan məruzəçi qeyd etdi ki, 1988-1991-ci illərdə siyasi hakimiyyətdə yaranan boşluqlar, milli məsuliyyət hissindən uzaq olan şəxslərin ali idarəetmə orqanlarına irəli çəkilməsi, cəzasızlıq, özbaşınalıq, daxili çəkişmələr nəticəsində ölkədə kriminogen durum da nəzarətdən çıxdı. Təsadüfü adamların şəxsi sədaqət hisslərinə, yalnız siyasi mənsubiyyətinə görə DİO-da rəhbər vəzifələrə gətirilməsi isə ilk növbədə bu qurumun özünü acınacaqlı duruma saldı. SƏDM üzrə “mütəxəssiz” olan şəxsin nazir təyin olunması, xidmətdə bərkə-boşa düşməyən hələ daşıdığı leytenant rütbəsini belə tam doğrultmayanların Azərbaycanın strateji rayonlarına rəhbər göndərilməsi isə əsl fəlakətdən xəbər verirdi. Bir sözlə, həmin illərdə Azərbaycanda bütün digər strukturlar kimi, hüquq-mühafizə orqanları da çox çətin, keşməkeşli yol keçdi.
Diqqətə çatdırıldı ki, sonralar sağlam vətəndaş cəmiyyəti qurmağın, qüdrətli Azərbaycan üçün başlıca amilin sabitlik, əmin-amanlıq olduğunu nəzərə alan ulu öndərin rəhbərliyi ilə əsaslı islahatlar həyata keçirildi, qanun yaradıcılığı sahəsində ciddi nailiyyətlər əldə olundu. Ümummilli liderin ali hakimiyyətə qayıdışından, xüsusilə də 1994-cü ilin aprelindən sonra isə daxili işlər orqanlarının həyatında yeni bir dövr başladı. Qarşılıqlı inama, təmiz əqidəyə, yüksək peşəkarlığa, başlıcası, Vətən sevgisinə söykənənlərin ölkəmizdə sabitliyi təmin etmək üçün içdiyi andın ən bariz nümunəsi isə dünyaya günəş kimi doğan, ulu öndərin yadigarı Azərbaycandır.
Qeyd olundu ki, bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, hüquqi-demokratik islahatların bazası daha da möhkəmləndirilir və zənginləşdirilir. Bu isə hüquq-mühafizə sistemində, habelə polis orqanlarında çalışanların qarşısına yeni vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırır, bu şərəfli peşədə çalışmaq üçün hər bir əməkdaşa güclü stimul verir.
O da vurğulandı ki, dünən olduğu kimi, bu gün də Azərbaycanda qarışıqlıq salmaq, onu vətəndaş müharibəsi ilə üzbəüz qoymaq, sabitliyin təməllərini sarsıtmaq istəyən 5-ci kalonun nümayəndələri müxtəlif çağırışlar edirlər. Belə olan halda, əlbəttə ki, Azərbaycan Polisi həm də öz vətəndaş mövqeyini ortaya qoyacaq və onlara “dur” deyəcəkdir.
Polis polkovniki Rahib Qarayev əmin olduğunu bildirdi ki, Azərbaycan gəncliyi belə məkrli qüvvələrin arxasınca getməyəcək, Azərbaycanın üçrəngli bayrağını daim zirvələrə ucaltmaq, torpaqlarımızın azadlığı, Vətənimizdə bundan sonra da sabitliyin dayaqlarının möhkəmləndirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəkdir.
O, çıxışının sonunda şəxsi heyətə xidməti fəaliyyəti ilə bağlı arzu və istəklərini, tövsiyyələrini də bildirdi.
Alay rəhbərliyi adından təşəkkürünü bildirən komandir müavini, polis polkovniki Elçin Kazımi Azərbaycan Polisinin qəhrəmanlıq tarixini özündə əks etdirən daha neçə belə kitabın yaxın illərdə burada təqdimatının keçirilməsinə inamını ifadə etdi.

*******

BİTİ Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Alahiddə Polis Taborunda da kitabın təqdimatı keçirilmişdir.

H.Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər