Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

28.04.2019

Hər yaz gələndə...

Hər il yaz gələndə təbiətin canlandığını gördükdə Şuşa qalasının, Cıdır düzünün, Daşaltı çayının baharı bizsiz qarşıladığını düşünüb çox kövrəlirəm. Xarı bülbülün göz yaşalrıdı sanki yağan yağışlar, xalqımızın ahıdı səmadakı qara buludlar... Duman da həmin duman deyil, çiskin də həmin çiskin deyil. Başıqarlı dağlar isə baharın ilıq nəfəsinə biganədir bizim kimi...
Şuşanın işğalından 27 il ötür. 1992-ci il mayın 8-i Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub yurd yerimiz. Nəticədə 480 günahsız insan qətlə yetirilib, 1860 nəfər müxtəlif xəsarətlər alıb, 552 körpə valideynlərini itirib, 22 min nəfər öz doğma yurd-yuvasından didərgin düşüb.

Separatçılar bu şəhərdə də xalqımızın tarixi izlərini silmək üçün ən ağılagəlməz cinayətlərə əl atıblar. Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti muzeyi, turist bazası, Qafqazda yeganə Şərq Musiqi Alətləri fabriki, Xan Qaxal mağaraları, Şuşa qalası daxil olmaqla ümumilikdə 279 dini, tarixi və mədəni abidə yerlə-yeksan edilib.

Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa Məscidi, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, dahi Bülbülün, şairə Xurşudbanu Natəvanın, general Səməd bəy Mehmandarovun xatirə muzeyləri, Molla Pənah Vaqifin məqbərəsi vandalların hücumuna məruz qalıb.
İşğal nəticəsində 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 22 klub, 31 kitabxana, 2 kinoteatr dağıdılıb, buradakı nadir sənət inciləri talanıb. Tarixi şəxsiyyətlərin heykəlləri güllələnib yararsız hala salınıb. Düşmən bu mənəviyyatsızlığı da özünə rəva görüb.
Təsəllimi onda tapıram ki, düşmən torpaqlarımızı zəbt edərək məskunlaşa bilər, amma özününkiləşdirə bilməz heç vaxt. Yurd yerlərimizin suyu da, havası da bizim nəfəsimizə möhtacdı.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər