Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

03.05.2019

Qoruyurlar, Etibari, İnamı

Müstəqilliyimiz qədər və ondan sonrakı illərdə bu “yeraltı dünya” sanki yerin üstünün sərvətlərinə sahib olmaq istəyənlərin, nə yolla olursada-olsun hakimiyyətə gəlməyə can atanların yadından çıxmışdı. Köhnə, nasaz, insan həyatı üçün təhlükəli olan qatarlarla fəaliyyətini davam etdirən metroda insanlar Allah ümidinə gedib-gəlirdilər. Niyə? Çünki təhlükəsizlik tədbirləri görülmürdü, metronun mühafizəsi düzgün təşkil olunmurdu. Metronun mühafizəsini təşkil edən polisin özündə nizam-intizam yox idi. İstənilən təxribatı həyata keçirmək üçün şərait vardı və 1994-cü ilin martındakı terror hadisəsi ilk qığılcım oldu.

Bakı metrosuna sahib çıxmağın vaxtı çatmışdı. Ulu öndərin yenidən ali hakimiyyətə qayıdışı unudulan, belə deyək, yaddan çıxan metronun, həm də burda əziyyəti olan, ömrünün çox ilini yerin altında insanlara xidmət eləyənlərin üzünü güldürdü. Metronun təhlükəsizliyini təmin edən polis qurumu, demək olar ki, “ələkdən” keçirildi. Özünü idarə edə bilməyən, nizam-intizama tabe olmayanlar sıralarımızdan uzaqlaşdırıldı. Təhülükəsizlik tədbirləri gücləndirildi və metroda yeni bir dönəm başladı. Bu, metrodan istifadə edənlərin də sayının artmasına səbəb oldu. “Yerin üstündə itirdiyi vaxta yerin altında qənaət etmək istəyənlər, “vaxt qızıldır” deyənlər təhlükəsiz metrodan istifadəni üstün tutdular.

Ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər zamanı metro da gücləndirilmiş iş rejimində işləyir. Elə növbəti “Formula-1 Azərbaycan Qran Prisi”-ni izləməyə gələnlərin əksəriyyətinin metrodan istifadə etdiklərinin də şahidi olduq. Onlar həm də buradakı təhlükəsizliyin hansı səviyyədə qorunmasını yaxşı bilir və xidmət başında Azərbaycan Polisini görəndə isə daha da rahatlıq tapırlar. Əmin olurlar ki, dünyanın bir çox yerlərində eşitdikləri terror hadisələrindən bu sabitlik adası çox-çox uzaqdır, daha doğrusu, o illər, o günlər uzaqda qalıb.

Hərdən burda da sıxlıq olur. İnsanlar sel kimi gəlir. Onları yoxlamaq, təhlükəsizlik mühiti yaratmaq, şübhəli şəxsləri nəzarətdə saxlamaq asan deyil. Bu, ilk növbədə səbr, dözüm və peşəkarlıq tələb edir. Bir sözlə, Metropolitendə Polis Şöbəsinin əməkdaşları qarşıya çıxan hər çətinliyin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Yeri gəlmişkən, aralarında ingilis dilini bilənlər turistlərə, ölkəmizə gələn qonaqlara kömək edir, gedəcəkləri ünvanı tapmaqda yardımçı olurlar.
Qiymətli əşyasını, sənədlərini, pulunu metroda itirənlər və ya unudanlar burdan heç vaxt naümid qayıtmayıblar. Etibarı, sevgini, rəğbəti alın təri və zəhməti bahasına qazanır Azərbaycan Polisi, elə yerin altında da...
Bu yeraltı səltənət cinayətkarların, cibgirlərin, avara və dilənçilərin “oylağı” deyil. Ötən ilin göstəricilərinə diqqət yetirmək kifayətdir ki, əldə olunan nəticələrdən hali olasan...

“Formula-1 üzrə Azərbaycan Qran Pri” yarışları “daha sürətli olanlar qələbə sevincini yaşayacaq” devizi ilə başladı və bitdi. Elə Bakı metrosunun qatarları arasında intervalın azalması, sürətin artırılması da uğurlarımıza xidmət edir. Polisin uğuru isə maşından, avtobusdan, metrodan istifadə edənlərin evinə, ailəsinin yanına vaxtında və sağ-salamat çatmasıdır...
Görülən təhlükəsizlik tədbirləri ilə bağlı suallarımızı cavablandıran Şöbə rəisi, polis polkovniki Samir Hüseynov dedi ki, xidməti ərazilərdə ictimai təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülüb, əməkdaşlar arasında da mütəmadi maarifləndirmə işləri aparılır. “Hər gün bir milyona yaxın adam məhz polisin yaratdığı təhlükəsizlik tədbirlərinə görə evindən, ailəsindən çıxıb metrodan istifadə edir. Bu həm qürurvericidir, həm də məsuliyyətdir”.
Sıralarımıza yeni qəbul edilən və ona ictimai dəstək verənlərə gəlincə, Şöbə rəisi düşünmədən, gənc olsa da bir çox idman uğurlarına imza atan Səfalı İbrahimlinin adını çəkdi.

1994-cü ildə Yardımlıda doğulub. İdmançı olduğu üçün hərbi xidmətdə də fərqlənməyi bacarıb. Eşidəndə ki, Metropolitendə Polis Şöbəsi polisə ictimai dəstəyə qəbul üçün elan verib, o da bu fürsəti dəyərləndirib. Bir ilə yaxındır ki, xidmətdədir.
Deyir ki, 16-17 yaşlarından idmanın əlbayaxa döyüş növü ilə məşğul olur. Dördqat respublika çempionudur. Bakı şəhərində keçirilən beynəlxalq turnirdə, həmçinin 28 ölkənin idmançılarının gücünü sınadığı, 2017-ci ilin dekabrında ölkəmizdə keçirilən dünya kuboku uğrundakı yarışda qarşısında duruş gətirən olmayıb.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər