Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

10.05.2019

Biz ona borcluyuq

Biz Heydər Əliyevə borcluyuq. Cəsarətimə və hər kəsin bildiyi bu Həqiqətə sığınıb fikrimizi daha da qətiləşdirmək istəyirik. Ona görə borcluyuq ki, XX əsrdə yox olmaq təhlükəsi ilə üzləşən dövlətə, başsız qalan xalqa XXI əsri görməyi nəsib etdi. Kremlin nəfəs kəsən, səs udan divarlarından sıyrılan, “Mən azərbaycanlıyam, mən o torpağın oğluyam” nidasını hər oğul hayqırmaq gücündə, qüdrətində deyildi. O, sovetlər ölkəsində “hər kəs bərabərdir” şüarının alt qatındakı gizlinləri yaxşı bilirdi. Və bilirdi ki, bu bərabərlik əgər Kremldə pozulurdusa, ona milli kimliyinə görə haqsız hücumlar olurdusa, deməli, sadə xalqı çeynəmək, qısnamaq yuxarıların əlində çətin deyildi.

SSRİ-nin çöküşü, əslində, Azərbaycandakı duruma elə də ciddi təsir etməyəcəkdi. Çünki iqtisadi dayaqları yetərincə möhkəm olan, zavod və fabriklərin, emal müəssisələrinin var gücü ilə işləməsi müstəqilliyinə qovuşan ölkənin sabahının daha qüdrətli olacağından xəbər verirdi. Bütün bunlar isə məhz onun sayəsində mümkün oldu. Bu tarixdir, bu gerçəklikdir. Lakin sonradan Moskvadan idarə olunan siyasi dairələrin Heydər Əliyev yadigarlarına hücümları, Azərbaycanda süni şəkildə yaradılan çaxnaşmalar bizi olum və ölüm mücadiləsi ilə üzbəüz qoydu.
Çökən iqtisadiyyat, bir parça çörəyə möhtac olan xalq, bu gündən sabahı görünməyən məmləkətin əldən gedən dövlətçiliyi...
Amma yenə də O...
1990-cı il hadisələrindən sonra Moskvadakı nümayəndəliyimizə gəlişini əks etdirən kadrları yəqin ki, hər kəs görüb. Gedəcəyi yerdə öləcəyini və ya sağ çıxacağını bilməyə-bilməyə o addımı atmaq doğulduğu torpağa, canından əziz bildiyi xalqa sevgi, cəsarət və qətiyyət deyildimi?
Aciz duruma düşəndə, təklənəndə, gücü yetməyəndə uşaq valideyninə, doğmasına sığınar. Bu xalq da, bu Vətən də dar günündə Ona sığındı. Ondan imdad dilədi. Bu xalqdan savayı onun kimi vardı ki? Gümanımız yüz yerə getsə də İnamımız bizi Ona doğru apardı. “Heydər baba, xalqı bu bəladan qurtar”,-dedik. Bir qartal misalı yorulmuş qanadları ilə səni, məni, bizi və Vətənimiz Azərbaycanı qucaqladı Ulu Öndər...
Gözünün nuru, qolunun gücü, dizinin təpəri, yenilməz inadı idi bu torpaq. O, Vətəninin daha da qüdrətlənməsi üçün əlindən gələni etdi, ömrünü xalqına bağışladı...
Tarixi yenidən yazmaq fikrim olmasa da ağ varaqlara ürəyimi boşaltmaq istədik. Yenə Onu xatırladıq, yenə Onu. Və nə yaxşı ki, qəlbimizdə, ruhumuzda, yaddaşımızda Heydər Əliyev adlı yanar məşəl, əbədiyaşar bir lider var.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər