Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

07.05.2019

Dənizə bənzəyən adam...

O, gözünü açandan dəniz görüb. Ən çətin illərdə, müharibənin qanlı-qadalı günlərində dəniz “saxlayıb” onları. Elə o tərəflərin ağsaqqallarından, ağbirçəklərindən kimi dindirsən, dənizin onlara atalıq, analıq etdiyini deyər. Dəniz onun keçmişi, bu günüdür. Bəlkə həmin səbəbdəndir ki, yaşının bu vədəsində də onsuz qala bilmir...

Xoşbəxtdir, çünki xatırlayırlar. Haqqında yazmaq üçün çoxları ilə həmsöhbət oldum. Bu gün xidmətdə olan və ya təqaüdə çıxanların ilk sözü bu oldu: “O, hər zaman bizim rəisimizdir”. Azərbaycanın hər yerində yetirmələri var. Bilirəm ki, harda qonaq olsa üzünə dost qapıları açılar. Bir sözlə, o, “köhnə kişilərdəndir”.
Hələ qəddi-qaməti əyilməyib, rəis görkəmi, zabit duruşu da öz yerində. Telefonda: “Sizinlə görüşmək istəyirəm”,-deyəndə: “Ürəyin nə vaxt istəyir, gəl”,-dedi...
Adını çəkən kimi üzümə bütün qapılar açıldı. Hələ də əli işdən-gücdən soyumayıb. Özü demiş, o hələ də xidmətdədir.
Salam verib özümü təqdim edəndə gülümsədi. Əlini çiynimə qoyub dilləndi: “Açığı, “Mübariz keşikdə”dən qonaq gözləyirdim...”

Səksən ilin kövrəkliyini yaşayan, bəlkə də mənə baxıb gəncliyini xatırlayan istefada olan polis general-mayoru Rəsul Rəsulov kimi tanınmış bir insanla söhbətə necə başlayacağımı ürəyimdə götür-qoy etdiyimi sezmişdi.
“O illər çox çətin idi”,-dedi: “Anam danışırdı ki, mən doğulanda gözəl bir yaz günüymüş 1939-cu il mayın 10-u. Astara şəhərində dəmirçi ailəsində dünyaya göz açmışam. Evimizin yanında hərbi şəhərcik vardı. Sinif yoldaşlarımın əksəriyyəti hərbçi uşaqlarıydı. Ataları haqqında elə ağızdolusu danışırdılar ki...
Hərbçi olmaq arzuma anam bir söz deməsə də görmüşdüm ki, örpəyinin ucu ilə gözlərini silib qardaşlarının divardan asılmış şəkillərinə baxır. Məndən böyük qardaşlarım da fikrimdən yayındırmaq istəmişdilər...
Onuncu sinifi bitirdikdən sonra ordu sıralarına çağırıldım. Biləcəridəki bölgü məntəqəsində polkovnik Nəsib Əliyev rus dilində sərbəst danışmağımı görüb təklif etdi ki, Daxili Qoşunlarda qalım, sonra hərbi məktəbə gedim. Manqa komandiri təyin edildim və mənə serjant rütbəsi verdilər. 1960-cı ildə SSRİ DİN-in Orcenikidze şəhərindəki üçillik hərbi məktəbinə qəbul olundum. Verilən bütün tapşırıqların öhdəsindən gəldiyimə görə mandat komissiyasını keçib Bakıda hərbi hissələrdən birinə siyasi məsələlər üzrə taqım komandiri təyin edildim. 1966-cı ildə Moskvada Hərbi Siyasi Akademiyanın Hüquq fakültəsinə qəbul olundum.”

Deyir ki, 1974-cü ildə Mərkəzi Komitəyə işə dəvət olunub və iki ay davam edən yoxlamalardan sonra ulu öndər Heydər Əliyev onu qəbul edib. Gənc zabitə tapşırıqlarını verib, onu Azərbaycan KP MK-nin İnzibati orqanlar şöbəsində təlimatçı vəzifəsinə təyin edib. 1979-cu ildə Bakı Şəhər Daxili İşlər İdarəsinin rəisi vəzifəsinə göndərilib. 1987-ci ilin sentyabr ayından 1992-ci ilin may ayına qədər N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin, 1992-ci ildən 2005-ci ilədək DİN-in Polis Akademiyasının rəisi vəzifələrində xidmət edib.
Biz eşitdiklərimizi, gördüklərimizi qələmə aldıq. Ancaq onu ən yaxşı tanıyan, nəvəsi Nərgiz xanımın da fikirlərini bölüşməyi özümüzə borc bilirik.
N.Kərimi yazır: “Babam barəsində saatlarla danışa bilərəm. Hər insanın həyatında kimsə var - müəllim, dost, ata, ana... Babam mənim üçün bunların hamısıdır. O, hamıya, hər kəsə həmişə kömək etməyə çalışır. Dəniz boydadır babamın ürəyi. Ailə onun üçün müqəddəsdir. Uşaqlıqda babam bizi ova və balıq tutmağa da aparırdı. Hərçənd ona mane olurduq, amma o xoşbəxt idi, üzündə təbəssüm bizi danlayırdı.
Bilirəm ki, babam da, məni hamıdan çox istəyir. Çünki anasının adını daşıyıram. O, dünyanın ən saf, qayğıkeş babasıdır”...
İşdi, əgər Rəsul Rəsulovla görüşmək istəsəniz, müəllimlər ocağına-Aviasiya Akademiyasına gedin. Təhlükəsizlik Xidmətinə rəhbərlik edir. Sizi öz böyük şövqlə özü yetişdirdiyi limonla çaya qonaq edəcək, səbrlə dinləyəcək, həvəslə danışacaq, müdrikcəsinə susacaq. Hə, sonda çətinliyinizin, sıxıntınızın olub-olmaması ilə də maraqlanacaq. Baba, ata, müəllim və general elə belə də olmalıdır...
Və son olaraq, mayın 10-u həqiqətən əsl bayram günüdür...
Yazıya sərlövhə fikirləşəndə yenə də redaktorumuz köməyimə çatdı: “Deyirsiniz ki, dənizi çox sevir. Gəncliyinin, bütün ömrünün dostu, yadigarıdır, yəqin ona görə. Dost-dosta da tən olsun gərək, tən olmalıdır,”-dedi...


Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər