Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

15.05.2019

İnami, güvənci belə qazanırlar

Torpağın yaddaşına yazılmaq hər kəsə nəsib olmur. Heç Vətən də “papağını günə yandırana” oğlum demir. Bax, elə “Vətən mənə oğul deməz”i özünə dərd eləyən oğullar ən ağrılı, əzablı günlərində onu təklənməyə qoymayıb, çətinə, əzaba dözüb daş ömrünü, xış ömrünü yaşadılar. Sinələri gülləyə sipər olanda da bir addım irəli yıxıldılar ki, boyları qədər Vətən torpağını qorusunlar.

Torpaq, dağ, qaya qoynunda döyüşəni, onu qoruyanı heç vaxt unutmur. Amma bəziləri...
Bu gün bostanına daş atanlar olsa da, haqqını dananlar ağız-ağıza versələr də fakt elə faktlığında qalır. Azərbaycan Polisi 100 il öncəki Vətən sevdalısıdır. Onun üçün bir həqiqət var və o həqiqət də Azərbaycan durduqca var olacaq. Bu torpağı, bu Vətəni əmin əllərə qansız, qadasız etibar etmək, sapı özgələrinin əlində olan “özümüzünkülərdən” qorunmaq üçün xalqımızın inamına, etibarına söykənib asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanır. Bu gün də ürəyi səngərdədir. Uçunur qələbə üçün...

Bəzi ağzıgöyçəklər yazırlar ki, bir balaca çətinə, dara düşınlər asayiş keşikçilərindən gördükləri köməkliyi çox şişirdirlər, bunu reklam həddinə çatdırırlar.
Haqqın mizanı, dünyanın düzəni o zaman pozulur ki, xeyirlə-şəri, yaxşı ilə pisi ayırd edə bilməyən əlinə qələm alır. İndi heç qələmə ehtiyac qalmır. Bir barmağın hərəkəti ilə vicdanlar alınır, satılır...
Polis yenə köməyə çatır, yenə həyat qurtarır, yenə də cinayətkarlıqla mübarizə aparır, gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən qorumaq üçün var gücünü səfərbər edir. Bunu biz demirik, polis sevənlər, onu doğması, əzizi bilənlər deyirlər.
Elə Svetlana Ağababayeva da polisimizdən razı qalan, ona ömür boyu duaçı olanlardandır. Səbəbini biz yazaq, siz də oxuyun.

Bankdan kreditə götürdüyü 3 min manatı və sənədlərini itirir. Yolu, izi, gümanı gələn hər yeri axtarsa da tapa bilmir. Əli hər yerdən üzülür. Bir gün sonra qapısını Oğuz RPŞ DYPB-nin əməkdaşları döyürlər. Sənədlərini və itirdiyi pulu ona təqdim edəndə matı-qutu quruyur. İndi bu qədər pulu kim tapıb da qaytarar ki...
Qadın bəlkə də həyatının şokunu yaşayır. Polis əməkdaşları Təbriz Bəbirli və Samir Şirinov isə şəhər ərazisində xidmət apararkən tapdıqlarını deyirlər və heç “sağ ol” gözləmədən çıxıb gedirlər.
Bu, insanların özünə hər zaman arxa, dayaq bildiyi polisimizin bəlkə də hər gün etdiyi xeyirxahlığın mindən biridir.
Yeri gəlmişkən, xüsusilə də ölkəmizdə keçirilən böyük tədbirlərdə həmkarlarımız dəfələrlə belə hadisələrlə üzləşiblər. Sənədlərini, külli miqdarda itən pulunu, ən qiymətli əşyasını polisimizin tapıb sahibinə qaytarması bu sabitlik adasında əmanətə xəyanətin də olmadığının bariz nümunəsidir.
T.Hafiz,
M.Mahir

Geriyə Çap et


Faydalı keçidlər
Linklər