Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

24.05.2019

Xülyalar və gerçəklər

Ölkəmizin, hakimiyyətin növbəti nailiyyətinə, parlaq uğuruna sevinmək iqtidarında olmayanlar, cığallıqlarından, qərəzkarlıqlarından və yersiz təkəbbürlüklərindən tərəfdaşları arasında da hər zaman problemlər yaşayanlar indi dövlət mənsublarını şöhrətpərəstlikdə, guya vətəndaşları saya almamaqda günahlandırırlar. Tarixin ironiyasına baxın: vaxtilə liderlərinə, prinsiplərinə, əqidə yoldaşlarına xəyanət edənlərin, ortabab idman meydançasını doldurmaqda acizlik çəkənlərin gözlərini paxıllıq, xudpəsəndlik, qəflət elə bağlayıb ki, onlar sərbəst toplaşmaq azadlığını bir dəyər olaraq hörmətdən, urvatdan saldıqları bəs deyilmiş kimi, tam üç gün ərzində dünyanın xəbər, idman gündəmini zəbt etmiş əfsanəvi bir yarışla özlərinin miskin mitinqçilik azarları, mənasız məşğuliyyətləri arasında anologiya da aparırlar.

Yeri gəlmişkən, daxili işlər orqanlarının şəxsi heyəti Formula-1 kimi mötəbər beynəlxalq idman yarışı günlərində ictimai asayişin və daxili təhlükəsizliyin etibarlı qorunmasını, planlaşdırılan tədbirləri yüksək səviyyədə həyata keçirib.
İyirmi yeddi il əvvəl hakimiyyətə gəlib ölkəni vətəndaş müharibəsi təhlükəsi, dağılmış iqtisadiyyat və cinayətkarlığın tüğyan etməsi ilə üzbəüz qoymuş, indi Milli Şura və ya Azərbaycan Xalq Hərəkatı kimi qondarma qurumlarda təmsil olunan köhnə tanış simalar indi də xarici havadarlarından aldıqları təlimatlara və sifarişlərə uyğun olaraq, mötəbər yarışların, kütləvi tədbirlərin keçirildiyi, yaxud gözlənilən növbəti siyasi, diplomatik uğurlar qazanacağımız ərəfəsində beynəlxalq təşkilatlara ölkəmizdə guya demokratik azadlıqların azlığı, insan hüquqlarının pozulması barədə dezinformasiyalar göndərir, respublikamız barədə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.

Ancaq onlar bilməmiş deyillər və son ayların təcrübəsi göstərir ki, dünyanın ən inkişaf etmiş dövlətlərində də polis asayişi mühafizə funksiyalarını yerinə yetirərək istənilən qanunsuz aksiyanın qarşısını da alır, ictimai qaydanı kobud şəkildə pozan, tabeçilik göstərməyən şəxslərə qarşı fiziki güc də tətbiq edir. Və bu zaman normal düşüncə, məntiq sahibi olan hər hansı ictimai və ya siyasi təşkilat nümayəndəsi polisi öz vəzifə borcunu yerinə yetirdiyinə görə qınamır, məzəmmət obyektinə çevirmir. Hələ biz onu demirik ki, ara-sıra Avropa ölkələrindən, məsələn demokratik azadlıqların ayaq açdığı, “sarı jiletlilər”in timsalında Paris şəhərindən də yan keçməyən kütləvi etiraz aksiyalarının, müxtəlif tətillərin qarşısının alınması bəzən asayiş keşikçiləri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalarla da müşayiət olunur. Bu kontekstdə konkret olaraq, Şimali Afrikada və Yaxın Şərqin bəzi dövlətlərində qırğınlarla, böyük dağıntılarla və hakimiyyətin zorla dəyişdirilməsi ilə nəticələnən məlum proseslərin sonda həmin ölkələrin xalqları üçün nə ilə yekunlaşdığı, onlara hansı sürprizlər bəxş etdiyini görməmək mümkün deyil. Necə deyərlər, zaman ən böyük və ədalətli hakimdir!

Belələrinə qısa bir xatırlatma yerinə düşərdi. Əvvəla, həm siyasi, həm sosial-iqtisadi, həm də demokratik islahatların uğurla həyata keçirildiyi, dünyanın inkişaf edən ölkələri sırasına çıxmaqda olan Azərbaycanı hər hansı bir Şərq, yaxud Qərb dövləti ilə müqayisə etməyin, ölkəmizdə inqilab, üsyan, yaxud vətəndaş müharibəsi üçün münbit şərait olduğunu düşünməyin özü, ən azından qərəzli yanaşmadır. Azərbaycan vətəndaş müharibəsini də görüb, çevriliş cəhdlərini də, ümummilli liderimizin müdrikliyi, ölkə Prezidentinin dərin zəkası, qətiyyəti və uzaqgörənliyi sayəsində qansız-qadasız ən demokratik islahatları və inkişafı da. Gənc respublikamız dünyanın demokratik, sivill, hüquqi dövlətlərindən biri kimi bütün bu sayaq problemləri keçmişdə qoyub və indi bizim üçün yalnız bir düşmən, bir müharibə cəbhəsi var.

Əməkdaşlarımız və hərbi qulluqçularımız ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda fədakarlıq göstərib bu yolda qurbanlar verməklə yanaşı, sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın qorunmasında, qanunsuz aksiyaların qarşısının alınmasında hər zaman öz sözlərini demişlər və bundan sonra da deyəcəklər...

M, Orxan
polis polkovniki

Geriyə Çap et


Faydalı keçidlər
Linklər