Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

26.05.2019

Üz gülür, qəlb sevinir

Nardaran sakini 79 yaşlı Mərziyə Kərimovanın DİN-ə ünvanladığı məktubu oxuyub, bir kənara qoydum. Düşündüm... Nardaran kəndinin 4-5 il bundan öncəki mənzərəsi canlandı gözlərimin önündə. Dini fanatizmin “əsirinə” çevrilmişdi bu kənd. Hara baxırdınsa gözlərin ancaq qara rəngə bürünmüş həyət-baca, qapı-pəncərə, daş-divar görürdü...

Sanki, günəş şüaları da burda qara rəngə boyanmışdı. Böyüməkdə olan uşaqların gələcəyi də sual altında idi. Müasir Azərbaycanda XIX əsrin adət-ənənələrini formalaşdırmağa çalışan, özlərini tanımayan “özgələrinin uşaqları” din pərdəsi altında dövlətə, dövlətçiliyə qarşı çağırışlarla adamların beynini zəhərləyir, onlara şəriət qanunları ilə idarə olunan “cənnət” vəd edirdilər...

Dünyanın gəlişinə-gedişinə şahidlik edən Mərziyə nənə Nardaranın bu günündən həvəslə danışır. Yazır ki, indi artıq kənddə sabitlik, əmin-amanlıq var. Hər tərəf abadlaşıb, gözəlləşib. İnfrastruktur müasirləşib. 1941-ci il Böyük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə abidənin qoyulmasını isə xüsusi sevinc hissi ilə qeyd edir ağbirçəyimiz. Çünki onun atası da faşizimlə müharibədə həlak olub.

Əməyi, zəhməti olan hər kəsə minnətdarlığını ifadə edir. Qəsəbənin güzaranından razılıqla yazan Mərziyə ana yaradılan, qorunan əmin-amanlığın Azərbaycan Polisinin də qətiyyəti, peşəkarlığı sayəsində əldə olunduğunu vurğulayır. Bildirir ki, daxili işlər orqanlarının əməkdaşları gecə-gündüz, qışın soyuğunda, qarda, yağışda, yayın qızmarında indi gözəlliyi ilə göz oxşayan Nardaranı “göz bəbəyi” kimi qoruyur, asayişin keşiyində ayıq-sayıq dayanırlar.

Sonda məktubu kiril əlifbası ilə yazdığına görə nənəmiz üzürxahlıq etməyi də unutmur.
Əziz ana, bu dərd deyil, günaha yazılmır. Əsl dərd verənlər, günah, cinayət işlədənlər utansınlar, sizlərdən örnək alıb, bundan sonra insan kimi yaşamağa, adam olmağa səy eləsinlər...

Teymur Əlizadə,
polis kapitanı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər