Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

30.05.2019

Bura Azərbaycandır!

“Mən Yeni Zelandiya vətəndaşıyam. Bu sirli-sehirli ölkə haqqında həmvətənlərimdən eşitdikdən sonra Azərbaycana gəlməyə qərar verdim. Hava limanında hiss etdim ki, böyük bir xalqın mədəniyyətinə və tarixinə şahidlik edəcəyəm. Gülərüz insanlar, xoş ünsiyyət mənə qəribliyimi unutdurdu. Hələ polisləri demirəm. Məhz onların köməyi ilə əlimdəki xəritədə gəzmək üçün nişanladığım yerlərin seyrinə çıxdım. Bakı, gəziləsi, görüləsi və sevələsi şəhərdir. O sanki Xəzərin qoynunda uyuyan, hərdən də şıltaqlıq edən körpəyə bənzəyir. Zəngin Azərbaycan mətbəxindən daddığım təamların, “Qız qalası”nın, Şirvanşahlar sarayının, “Alov” qüllələrinin şəkillərini dostlarıma göndərəndə onların mənə cavabı bu oldu: “Sən doğurdan da Şərqin ən qədim və sabit ölkəsindəsən”.
Lənkəranda isə heç vaxt unuda bilməyəcəyim hadisə başıma gəldi. Pul kisəmi, bank kartlarımı itirdim. Köməksiz vəziyyətdə qaldığımı görənlər mənə polisə üz tutmağı məsləhət bildilər. Polisə başıma gələnləri danışdım. Məndən əşyalarımı hansı şəraitdə itirməyimi soruşdular. Düzü, inanmırdım ki, tapılsın. Polislər məni Şöbəyə gətirdilər. Hələ üstəlik dadlı Lənkəran çayına da qonaq etdilər. Çox keçmədi ki, sənədlərim və pul kisəm tapıldı. Sən demə, mən onları avtobusda unutmuşammış. Mən Azərbaycanı və onun saf insanlarını sevdim. Burdan Vətənimə bu ölkəyə sonsuz sevgi və rəğbət hissi ilə gedirəm. Hörmətlə, Lii Qriin”
Ölkəmizdə qonaq olan bu əcnəbinin fikirlərini oxuduqdan sonra bir daha əmin oldum ki, hansı dinə mənsub olursa-olsun, əgər insan haqq olanı görürsə, seçirsə və onun arxasınca gedirsə, deməli, o, həqiqətən də yer üzünün əşrəfidir.
Lakin...
Azərbaycan adı gələndə “kürkünə birə düşənlər”, yuxusu ərşə çəkilənlər, bu ölkənin dünyaya günəş kimi doğmasını görməzlikdən gələnlər, sən demə, içimizdəkilərdən çox xaricdə imiş. Qəribəsi budur ki, onlar həm özlərinə “azərbaycanlıyam” deyənlərdir, həm də elə qeyriləri.
Yalan ayaq tutar da, yeriyər də. Amma çox uzağa gedə bilməz. Həqiqətin gözünə dik baxmağın özü də bir hünərdir. Qoltuqlara sığınmaqla ömür sürməyi özünə şərəf-şan bilənlərin “yaşayırıq” deməyə nə dərəcədə haqları çatır onu deyə bilmərəm. Düzdür, hər bir yaradılmışın tanrıdan ömür payı var. Amma bu ömrü doğulduğun yurdu, göz açdığın torpağı, mənsub olduğun xalqı aşağılamaqla, onun adını ləkələməklə yaşayırsansa, deməli, sən elə yox kimisən. Kökü torpaqda olmayanlar quruca bir səsdən belə yıxılar, məhv olar.
Dil pəhləvanı olmaqla Mübariz, Fərid və Aprel şəhidləri kimi qəhrəman olmağın arasındakı fərqin izahına ehtiyac yoxdur.
Elə bu günlərdə yenə də sosial şəbəkələrdə məlum çempionatın final oyununun Bakıda keçirilməsi ilə bağlı müzakirələr diqqətimi çəkdi. “Suyu özgələrdən gələn dəyirmanların” üyüdüb-tökdüklərini oxuduqdan sonra ürəyimdən təkcə bu keçdi: “Adamın Allahı olar”. Ancaq, sən demə, Vətəndən üz döndərənlərin nə Allahı, nə də din-imanı olurmuş. Alınıb-satılan vicdanlardan başqa nə gözləmək olar ki? Və ən böyük dərd budur ki, ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi möhtəşəm tədbirlərin necə təhlükəsiz keçirilməsini, etibarlı qorunmasını belə tez unudanların çaldığı havaya qol qaldıranların, onların zurnasına zuy tutanların milli kimliyi haqlı olaraq sual doğrurur: “Onlar doğurdanmı azərbaycanlıdır?”...
Azərbaycan inkişaf edir, güclənir və o bu gün dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Bunu biz demirik: “Sapı da, baltası da” özgədən olanların uydurmalarının doğru və yalan olduğunu isbatlamaq üçün ölkəmizə “sınaq üçün”, sanki bir “test” edirmiş kimi gələnlərin fikirləridir. Gəlirlər, əsl həqiqəti görürlər və vicdanları qarşısında bəlkə də hər gün suçlu görkəmi alırlar...
Deməyə, yazmağa vaxt da var, fakt da. Ancaq biz elə bunu deməklə kifayətlənirik: Səs-küy salan çox olsa da, karvan yenə də öz yolundadır...

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər