Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

17.06.2019

Yaşayin və yaşadin!

Bizim üçün ən qiymətli olan, lakin çox da qayğısına qalmadığımız sərvətdir sağlamlığımız.
Ölkəmizdə tibb elminin inkişafı XX əsrlə bağlıdır. Bu sahədə Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Əziz Əliyev, Cahangir Abdullayev, Sonaxanım Vəlixan, Zərifə Əliyeva, Ümnisə Musabəyova və digər elm xadimlərinin böyük xidmətləri olub.

Ümumilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Ulu öndərin 1998-ci il 29 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edildi, qanunveriçilik aktlarının və dövlət proqramlarının əməli surətdə həyata keçirilməsi məqsədi ilə normativ və metodik sənədlər işlənib-hazırlanması, tibbi yardımın təşkili istiqamətləri müəyyənləşdirildi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, 17 iyun Səhiyyə İşçiləri Günü kimi tariximizə yazılıb.
Azərbaycan səhiyyəsi də bu gün inkişaf mərhələsindədir. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxtda, bölgələrdə çoxlu sayda müasir tibb mərkəzləri açılır, bəziləri yenidən əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilir. Hər il milyonlarla insan pulsuz tibbi müayinədən keçir. Səhiyyə sisteminin maddi-texniki bazasının, infrastrukturun yeniləndirilməsi daim diqqət mərkəzindədir. Dövlət rəhbərimizin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Heydər Əliyev Fondunun dəstəyi, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qayğısı ilə cəmiyyətin bu həssas bölgəsi daha da canlanır. Dövlət rəhbərimizin əhalinin tibbi sığortası ilə bağlı dəstək və tələbləri getdikcə daha çox bölgəni, gələn ildən bütün ölkəni əhatə edəcək.

Daxili işlər orqanları əməkdaşlarının və təqaüdçülərinin, onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində də kompleks profilaktika, müalicə, sanator-kurort və digər tədbirlər həyata keçirilir. DİN Tibb İdarəsinin bu sahədəki peşəkar fəaliyyəti ayrıca qeyd olunmalıdır. Ən müasir avadanlıqlarla və yüksək tibbi personalla təmin olunmuş A.Heydərov adına Respublika Hospitalı, DQ-in Hərbi Hospitalı, poliklinikalarımız, Gigiyena-Epidemiologiya Mərkəzi, Stomatoloji Mərkəz, Xüsusi Həkim Komissiyası və onun nəzdində olan Psixofizioloji laboratoriya, əczaxana, ambulatoriyalar, tibb məntəqələri, “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Mayın 10-da bu sıraya daha biri əlavə olundu. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günü Respublika Hospitalının Reabilitasiya Mərkəzinin yeni inzibati binasının açılışı oldu.
Polis əməkdaşlarımız, hərbi qulluqçular, onların ailə üzvləri, veteranlar yaradılan tibbi xidmətdən yararlanırlar ki, bu da dövlətimizin və DİN rəhbərliyinin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.

Yeri gəlmişkən, ağır və şərəfli peşə sahiblərinin-həmkarlarımızın qayğısını çəkən, onlara şəfqət, hörmət və xidmət göstərən tibb işçilərimizə uğurlar, cansağlığı arzulayırıq. Onlar sağlam, qayğısız olmalıdırlar ki, həm də bizim qayğımıza qalıb, bizləri düşünə bilsinlər.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər