Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

18.06.2019

Uşaqlar sevinsin, dünya gülsün!

Böyüklərin uşaq sevincini görmək və onu qələmə almaq bir başqa zövqdür. Keçmişə qayıdaraq xatirələrin isti qoynuna sığınanların, “kaş yenidən uşaq olaydım” deyənlərin sayı o gün lap çox idi. Balalarının sevincini, şadlığını görməyə gəlmişdilər valideynlər. Elə uşaqlar kimi onlar da həyəcanlı idilər. Cümhuriyyətimizin növbəti ildönümünə və 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən buraxılışda bu bir neçə il ərzində öyrəndiklərinin hesabatını verməyə hazırlaşan körpələrin söylədikləri şeirlər, oxuduqları mahnılar, müxtəlif səhnəciklər böyükləri sehirləmiş, uşaq dünyasını isə daha rəngarəng etmişdi.
Baxçada keçirilən hər bir bayrama xüsusilə hazırlaşan uşaqların istedadlarını nümayiş etdirmələri, böyüklərə çağırış etmələri üçün meydanları genişdi. Həm də o gün ikiqat bayram idi. Məktəbə hazırlıq qrupunun buraxılış günü də bu tarixə və əlamətdar günlərə təsadüf edirdi.

"Uşaqlar bizim sevincimiz və gələcəyimizdir. Onları qorumaq, daha aydın sabahlara çıxarmaq üçün yorulmur və usanmırıq. Uşaqlar bizə həyatı sevməklə yanaşı, onlara xatir dünyanı qorumağı da öyrədirlər. Biz analar istəyirik ki, dünyada sülh olsun. Hər bir evdən uşaq səsi, körpə qığıltısı gəlsin. Bu gün dövlətimizin diqqət və qayğısının nəticəsidir ki, hər yerdə olduğu kimi, daxili işlər nazirliyinin baxçalarında da övladlarımıza yüksək şərait yaradılıb. Onlar qayğı və sevgi ilə əhatə olunublar",-deyərək tədbiri giriş sözü ilə açan DİN Maddi-Texniki Təminat Baş İdarəsinin 2 nömrəli baxçasının müdiri Sevinc Məmmədəliyeva məktəbə hazırlıq qrupunu bitirənləri təbrik etdi, onlara məktəb həyatında da uğurlar arzuladı. O, həmçinin bu gözəl günün onların yaddaşında əbədi qalacağına, unudulmaz, şirin xatirə kimi xatırlanacağına inamını ifadə etdi.

Nağıl qəhrəmanlarından tutmuş müasir çizgi filmlərinin personajları da uşaqları qorumaq üçün həmin gün səfərbər olmuşdular.
Sonra üçrəngli bayrağımız səhnəyə gətirildi. Və hünərlərini göstərmək üçün meydan uşaqlara verildi. Həmin gün əlifbanın bütün hərfləri “dil açıb danışdı”. Milli və avropa rəqsləri, müxtəlif oyunlar, musiqilər baxçanın musiqi rəhbəri Zoya Şıxbabayevanın və müəllimlərdən-Üzeyfə Abdullazadənin, Mətanət Abdullayevanın gərgin zəhmətinin təzahürüydü.
Abdulla Şaiq adına Kukla Teatrının yaradıcı qrupu da uşaqlara unudulmaz anlar yaşatdılar.
Uşaq Baxçasına “əlvida” deyən körpə fidanlar, polis övladları inanırıq ki, onlara qucağını geniş açan məktəbi də, müəllimləri də sevəcək, kitablarla dost olacaq, qazandıqları uğurlarla vətənimizin bayrağını daim zirvələrə qaldıracaqlar.

T.Hafiz

Geriyə Çap et


Faydalı keçidlər
Linklər