Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

29.06.2019

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

İyunun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak ediblər.
Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daxili İşlər naziri V.Eyvazov təntənəli mərasimdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb. Sonra o, Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb.
Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Daxili İşlər naziri polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin gələcəyə hesablanmış müvafiq tapşırıqlarının icrasının Akademiyanın inkişafında əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayıb.

Nazir V.Eyvazov ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, məhz dövlətin böyük diqqət və qayğısı sayəsində Akademiyanın da maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini qeyd edib.
Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran cənab V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər.

Sonra o, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edilib ki, demokratik dövlət quruculuğu yolunda irəliləyən Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır.
General-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсək, vətəndaşların əmin-amanlığını və qanunçuluğu etibarlı qoruyacaq.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov tədris ilinin növbəti buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edərək möhtərəm dövlət başçımızın ölkəmizdə cinayətkarlıqla qətiyyətli mübarizə, daxili sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının, dövlətçiliyin qorunmasında, ictimai qaydanın və təhlükəsizliyin təminində daxili işlər orqanlarının fəaliyyətini yüksək qiymətləndirdiyini, onun daxili işlər orqanlarının maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün hər zaman konkret addımlar atıldığını diqqətə çatdırıb. O, bu xüsusda respublikamızda yüksək ixtisaslı ali hüquq təhsilli kadrların hazırlanmasında önəmli rolu olan Polis Akademiyasında təlim, tədris prosesinin təkmilləşdirilərək ən müasir standartlar səviyyəsinə çatdırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Sonra Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev bu ali təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.
Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş polis baş leytenantı Fərid Qasımov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, DİN rəhbərliyinə və Akademiyanın professor-müəllim heyətinə minnətdarlığını bildirib.
Tədbirin sonunda Daxili İşlər naziri V.Eyvazov Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 5 məzuna diplomları təqdim edib.
Məzunlardan polis leytenantı Çingiz Qurbanov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
Daha sonra döyüş bayrağı dördüncü kursa təhvil verilib. Kursantlar «Azərbaycan Polisi» marşını ifa ediblər.
Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər