Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

07.07.2019

Sayiq olmasaydilar...

Eyni gündə insan ölümü ilə nəticələnəcək iki hadisənin qarşısının elə insanların gözü önündəcə alınması polisin riskli bir peşə olmasının bariz nümunəsi idi. Onlar olmasaydılar üzləşdiyi problemdən çıxış yolu tapmaqda çətinlik çəkən gənc həyatla vaxtsız vidalaşar, digər biri isə qatil olaraq ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirərdi.

Sayıqlıq, peşəsinə sevgi və öz həyatını qurban vermək bahasına olsa belə xilaskarlıq ənənəsinə sadiqlik Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının həm xidmət, həm də həyat devizidir. Hər gün yüz minlərlə insanla üzbəüz gəlmək, onları yoxlamaq, köməyə ehtiyacı olana köməklik göstərmək vəzifə görəvi olmaqla bərabər, həm də insanlıq borcudur. Metro strateji əhəmiyyətli obyekt olmaqla yanaşı, obrazlı desək, insanlarımızın həyatının etibar edildiyi, elə etibarlı, daha güvəncli qorunan, yerin altı olsa belə, yerin üstündəki kimi rahat bir dünyadır.
Mənzil başına tez və təhlükəsiz çatmaq üçün dəmir relslər üzərində şütüyən vaqonların, səhər saat 06:00-dan 24:00-dək insanların təhlükəsizliyini qoruyan polislərimiz yorulmur, usanmırlar.

Yazımızın mövzusu olan hər iki hadisə barədə ətraflı məlumat almaq üçün Şöbə rəisi, polis polkovniki Samir Hüseynova müraciət edəndə: “Həmin günün qəhrəmanları, xilaskarları ilə görüşsəniz daha yaxşı olar”,- dedi.
Polis baş serjantı Habil Nəcəfov: “Gün ərzində müxtəlif hadisələrlə rastlaşırıq. Bu 22 illik xidmət dövründə polis həyatının acılı-şirinli, riskli anlarına yaxınlarım, dostlarım, elə bizi hər gün xidmət başında görən insanlar da şahidlik edib. Bir neçə gün öncə baş verən hadisə isə mənə bir başqa cür təsir etdi. Gördüm ki, cavan bir oğlan “Yaşamaqdan bezmişəm, məni heç kim anlamaq istəmir”,-deyib özünü relslərin üstünə atmaq istəyir. Bu an qatar da tuneldə göründü. Hamı təlaş içində idi. İnsanların həyacan dolu qışqırtısı aləmi bürümüşdü. Gecikmək olmazdı. Digər həmkarlarımın köməyi ilə metro əməkdaşları ilə əlaqə saxladıqdan sonra cərəyanı relslərdən ayırdılar, qatarı saxlatdılar. Beləcə, bir insanın da həyatını xilas etdik. Həmin gənclə söhbət aparıb, problemlərini öyrəndik. Sonra valideynlərini çağırıb ona dəstək olmalarını tövsiyə etdik”...

“Metronun bağlanmasına az qalmışdı. Bir şəxsin “Milliön” aparatına yaxınlaşıb kontur yüklədikdən sonra ucadan kiminləsə əsəbi danışması, özünü şübhəli aparması diqqətimi çəkdi. Birdən onun kürəyindəki baltanı görəndə məsələnin ciddiliyinin fərqinə vardım. Köməyə kimisə çağırmağa tələsmədim, çünki duyuq düşə bilərdi. Yaxınlaşıb üstündəki balta ilə metroya keçə bilməyəcəyini bildirdim. O isə cavabında: “Mən adam öldürməyə gedirəm”,- deyəndə, düzü, tutulan kimi oldum, ancaq özümü tez də ələ aldım. Ötən 9 ildə ilk dəfə idi ki, adam öldürəcəyini etiraf edən biri ilə rastlaşırdım. Baltanı alıb onu xidməti otağımıza dəvət etdim. Hirsindən əzim-əzim əsirdi. “Evində işlədib pulumu vermədi, üstəlik ailəmi də təhqir etdi, mən onu öldürməliyəm”,-deyib dururdu. Psixoloji söhbət apardım, sakitləşdirdim. Onu təhqir edən şəxsin qanun qarşısında cavab verəcəyini bildirdim. Bunları da bir insanı qatil olmaqdan çəkindirən polis serjantı Kamil Novruzov diqqətimizə çatdırdı.

Baş verən hadisələrin təhqiqatını aparmaq, şübhəlilərin və ya zərərçəkmişlərin izahatını almaq üçün günün istənilən vaxtında təhqiqatçı polis əməkdaşı yerində olmalıdır. Araşdırmalar nəticəsində qanunazidd hərəkətə, törədilən cinayətə də ilk hüquqi qiyməti təhqiqatçılar verir və qanunun tələbləri çərçivəsində, əlbəttə ki, sonrakı prosedurlar həyata keçirilir. Elə qeyd etdiyimiz hər iki hadisənin ilkin təhqiqatını da baş təhqiqatçı, polis mayoru Samir Axundov aparıb.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər