Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

12.07.2019

İki ömür, bir tale…

Torpaq adlı əmanətə, bir ocaqlıq, bir adamlıq qəbir yerinə belə yiyə dura bilmədik. Şuşanın işğalından sonra on gün də yatdıq qəflət yuxusunda. Atılan top səsinə, “qrad”ların nəriltisinə gözlərimiz açılmadı. “Qarabağ əldən gedir” harayına səs vermədilər “bəylər”, “bəyzadələr”…

Laçınlılar da qan verdilər, can verdilər doğulduqları torpaq üçün. Babaların qaya vüqarı, nənələrin üzərlik nəfəsi belə kömək etmədi Laçını əldə saxlamağa. Dağların dodağı çatladı o gün. Qayalar əl-ələ verib tanklara, “BTR”lərə sinə gərmək istədilər...
Rayonun müdafiəsi zamanı 262 nəfər şəhid oldu, 67 nəfər itkin düşdü, 68 min laçınlı odsuz, ocaqsız qaldı. Laçın uğrunda gedən döyüşlərdə 43 polis əməkdaşı şəhid oldu. Onlardan 3 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü, 4 nəfər isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu.

Bu gün hər laçınlının ürəyində Laçın boyda bir yara var və mən əlbəttə ki, “vətənsizlik, yurdsuzluq nədir?”- sualına cavab verə bilənlərin nə çəkdiklərini sözlə ifadə etmək gücündə deyiləm.
Ancaq ümid sonuncu ölür və bizə qələbə sevincini yaşadacaq, cərgəsində laçın kimi oğullar olan Azərbaycan ordusu Ali Baş Komandanın “hücum” əmrini gözləyir. 8 may-18 may tariximizin qara dastanı yox, Qarabağın azadlıq marşı kimi dillərdə oxunmalıdır.
Yurd itirmişlərlə dərdləşmək üçün gərək iki ürəyin, dörd gözün ola. Onların yaşadıqlarını çəkməyə bir ürək tab eləməz, iki göz aciz qalar itirdiklərinə ağlamağa. Dağ adamlarının qubarı, nisgili də dağdan ağır olur. Elə Laçının dağ vüqarlı, sinəsi səngər polis övladlarının illərin o üzündə qalan xatirlərini dilə tutdum. Düzü, başlarına gələnləri, yaşadıqlarını dünən olmuş kimi danışdıqca onların ürəklərinin buna tab etməyəcəyindən qorxdum. Düşmən gülləsinin qorxduğu oğulları indi xatirələr…
Nə isə…


Azərbaycanın 58 rayonuna laçınlılar pələsəng olub, sonradan yuva qurublar. Yurd salmayıblar, çünki yurdu Laçında yenidən salacaqlarına inanırlar.
O da Ağcabədinin Taxtakörpü qəsəbəsində laçınlı xatirlərinə sığınıb dünyanın gərdişinə tamaşa edir. Gözü-könlü dolu adamdı polis polkovnik-leytenantı Şahvələd Nəsirov. Buna görə də söhbətimiz tutmuşdu.
Həmkarım 1964-cü ildə Güləbirddə doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Tələbəlik illərin dünyanın çarxının tərsinə dönən vaxtına təsadüf edib. Könüllülərə qoşulub Vətəni müdafiə etmək üçün. Düşmənin topuna, sılahına qarşı həm də laçınlların nifrəti, qəzəbi, torpaq yanğısı döyüşüb. Ölümlərdən sıyrılan Ş.Nəsirov DİO-ya qəbul olunub, sahə müvəkkili olaraq Güləbirddə həm döyüşüb, həm də asayişi qoruyub. Horadizin və düşmən tapdağında olan daha 22 kəndin geri alınması uğrunda gedən döyüşlərdə də iştirak edib. “Atəşkəs” elan olunduqdan sonra Post-Partul Xidməti batalyonunun komandiri təyin olunub. DİN-in Polis Akademiyasını da bitirdi. Şəxsi heyətlə iş üzrə rəis köməkçisidir. Rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb, DİN-in “Əla xidmətə görə” döş nişanı ilə təltif olunub. Gənclərə hər zaman diqqət və qayğı ilə yanaşır, onları təhsillərini davam etdirməyə sövq edir.
Ocağında böyüyən və bu gün hər biri ona başucalığı gətirən övladlarına qarşı da çox tələbkardır. Əgər belə olmasaydı “Mənə görə ən etibarlı biznes təhsilə qoyulan vəsaitdir. Ancaq ona qoyulan kapital müəyyən bir dövrdən sonra əlavə divident gətirir və bəhrəsini verir” fikrini çevrəsindəkilərə dönə-dönə xatırlatmazdı.

Gəlin, Azərbaycanımızı qardaş Türkiyədə layiqincə təmsil edən, tanıdan polis övladları ilə biz də yaxından tanış olaq.
Şəmsi Nəsirov Bakı Ali Neft Məktəbini əla qiymətlərlə bitirib. Harvardın və bitirdiyi ali məktəbin diplomunu əldə edib. Bir neçə dildə sərbəst danışır. Əldə etdiyi uğurlarına görə bir çox şirkətlər onu işə dəvət ediblər. İmtahan verərək Türkiyədəki “Star” zavodunda mühəndislik fəaliyyətinə başlayıb.
Elxan Nəsirov ailənin kiçik övladı olsa da ərköyün böyüməyib. O da qardaşı kimi orta məktəbi əla qiymətlərlə başa vuraraq Türkiyədə “Otelçilik və turizm” ixtisasına yiyələnib. Hazırda qardaş ölkədə turizm sektorunda çalışır.
Həmkarımızın ən böyük qazancı onun vətənpərvər və zəhmətkeş böyütdüyü övladlarıdır. Deyir ki, uşaqların təhsili, tərbiyəsi ilə evdə ixtisasca həkim olan anaları Sevil Nəsirova məşğul olub…

**********
“Daxili işlər orqanlarında çalışdığım illərdə qazandığım təcrübə, vərdişlər sonralar xidmətimi davam etdirdiyim Fövqəladə Hallar Nazirliyi sistemində də çox karıma gəldi. İnanın, səmimi sözümdür, həmişə özümü DİN-in əməkdaşı kimi hiss etmişəm. Bu hiss məni indi də, yaşımın bu çağında da tərk etmir...”
Mingəçevirdə yaşayır. Boş vaxtlarında arxivində dolaşır, keçdiyi döyüş və xidmət yolunu, laçınlı günlərini üzüntilə xatırlayır Əjdər Hüseynov...

1960-cı ildə Laçının Ələkçi kəndində dünyaya göz açıb. Barəsində Xocalıdan olan müəllimin redaksiyamıza ünvanladığı məktubun sonunda yazılan “Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər” fikrindən sonra kiçik bir araşdırma apardım və telefonda danışsam da onu görməyim bu yaxınlara təsadüf etdi.
Məni çoxdan tanıyırmış kimi bağrına basdı. Üz-gözündən “dərd adamı belə olar” ifadəsini oxumaq elə də çətin deyildi. “Başımda gəzdirdiyim düşmən mərmisinin qəlpəsi gözlərimin nurunu aparıb” deyəndə tutuldum, məktubu xatırladım. Vətənin ağır günlərində polisin sıralarına qatılıb o da...

-Könüllülərə müdafiə olunmağı, hücuma getməyi, ən əsası, silahdan istifadə qaydalarını öyrədən polisin üzərinə çox böyük və məsuliyyətli iş düşmüşdü,-deyir. Bütün bunlarla yanaşı, sabitliyi bərpa etmək, cinayətkarlıqla mübarizə aparmaq da lazım idi. Məni Şəmkənd sovetliyinə sahə müvəkkili təyin etdilər. Laçında vəziyyət çox gərgin idi və mən xidmətimi mərkəzdə davam etdirəsi oldum. Sonra RPŞ-nin növbətçisi təyin etdilər. Burda da özümü doğrultdum. Ən qaynar nöqtələrdə döyüşdüm. Heç yadımdan çıxmaz, mayın 17-də növbədə idim. Bir də gördüm ki, Laçın top və müxtəlif silahlardan mərmi atəşinə tutuldu... Laçınım son saatlarını yaşayırdı...

“Bəs o təyyarə məsələsi nə idi?”, deyəndə hiss etdim ki, danışmaqda çətinlik çəkir. Bəlkə heç danışa bilməyəcəkdi. Qucağında can verən, ömrü yarım qalmış oğulları xatırlayırdı bəlkə də...
Bir romanın mövzusudur onun yaşadıqları. Yazmağa və ya onu dinləməyə həvəsiniz olsa görüşüb, dərdləşin. Sizin kimi, mənim kimi onun da bir arzusu var: Topraqlarımızı azad edək, Laçına qayıdaq...

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər