Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

18.07.2019

İşiniz asan, arzunuz çin olsun!

Uşaq ikən hər birimiz: “Böyüyəndə hansı peşəni seçəcəksən?” sualı ilə tez-tez rastlaşırdıq. Polis, həkim, təyyarəçi olmaq istəyənlərin sayı lap çox olardı. İllər ötəndən sonra anladıq ki, uşaqlıq arzusunu gerçəkləşdirmək hər kəsə qismət olmur. O isə...

“ASAN xidmət” mərkəzində sıra nömrəsi götürüb kabinetə daxil olarkən məni çoxdan tanıyırmış kimi, təbəssümlə qarşıladı. Sənədləri diqqətlə nəzərdən keçirib, “Narahat olmayın, çətin bir şey yoxdur, çalışaram ki, qısa bir zamanda hər şeyi yoluna qoyum,”- dedi.

Masasının üstündə kitabları görəndə: “Yəqin ki, işdən vaxt tapan kimi oxuyursunuz” sualıma, “Kitablarsız mümkün deyil. Gözəl fikir, maraqlı bir cümlə oxuyanda bütün yorğunluğum çıxır. Hər gün 300-500 vətəndaşın işini asanlaşdırmaq, onlardan razılıq ifadə edən fikirlər eşitmək xoş olur” cavabını verdi.
Bu gün “ASAN xidmət” mərkəzlərində əksər dövlət orqanları təmsil olunur. Ölkə Prezidentinin insanlara xidmətin asanlaşdırılması, bürökratik əngəllərin aradan qaldırılması üçün indi dünya tərəfindən təqdir olunan bu ideyası artıq Azərbaycan brendinə çevrilib. Belə nəcib işə könüllülərin qoşulması, gənclərin bu xidmət sahəsində özünü sınaması, ASAN iş prinsiplərinə yiyələnmələri, paytaxtda olduğu kimi, regionlarda da yeni iş yerlərinin açılmasına, eləcə də öz gücünə inamın artmasına şərait yaradır.

DİN-in ASAN-da xidmət edən əməkdaşları haqqında keçirdiyim sorğudan və özümün də xoş təəssüratından sonra elə o vaxtdan adını yadımda saxladığım, barəsində yazı yazmaq üçün xidmət etdiyi idarədən razılıq aldığım polis baş leytenantı Vüsalə Cəfərova ilə asudə vaxtında görüşdük.
Polis ailəsində doğulub. DİN-in Polis Akademiyasını bitirib. 2014-cü ildən DİO-da xidmət edir. İşində dəqiqliyi ailədən gəlir. Göz açandan polis səliqə-sahmanı və dəmir nizam-intizam görüb. Özünə qarşı tələbkardır. Məhz buna görə də çətin və məsuliyyətli bir görəvdə əhaliyə xidmət göstərməsinə rəhbərlik razılıq verib. Tabeçiliyindəki əməkdaşlara biliyi və bacarığı ilə əsl nümunədir polis baş leytenantı Vüsalə Cəfərova.
İdmanı da sevir, musiqini də. Muğamlardan “Bayatı Şirazı” çox bəyəndiyini deyir. İki övlad anasıdır. Qızı gözəl rəsmlər çəkir. Onlar bir çox sərgilərdə nümayiş etdirilib.
Həmkarımız 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında xidmətinin öhdəsindən layiqincə gəldiyinə görə DİN-in “Əla xidmətlərə görə” döş nişanı ilə təltif edilib.
Vətənə, dövlətə və xalqa layiqli xidmət insana başucalığı gətirir. Əldə olunan hər bir nailiyyətdə sənin də öz payın olur. Necə deyərlər, “Torpaqda izi olanın, süfrədə də üzü olar”.

Ruslan Vəliyev,
polis leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər