Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

17.07.2019

Sözümüzə, özümüzə layiq olaq!

Çağdaş dünyada informasiya amili insan həyatının ayrılmaz hissəsinə çevrilib desək, yanılmarıq. Cəmiyyətdə qarşılıqlı informasiya mübadiləsinin əsasını təşkil edən kütləvi informasiya vasitələri, eyni zamanda maarifləndimə funksiyasını yerinə yetirir. Bu missiyanı üzərinə götürən KİV-in mühüm qollarından biri qəzetçilik və nəşriyyat işidir.

Yazılı KİV hələ də ictimai fikrin formalaşmasında və baş verən hadisələr barədə insanların məlumatlandırılmasında mühüm rol oynayır, cəmiyyətin düşünən beyni olan ziyalı təbəqəsinin, orta və yaşlı nəslin, belə deyək, mənəvi ehtiyacını ödəməkdədir. Heç də təsadüfü deyil ki, bu gün dünyanın super dövləti olan ABŞ-da nəşr olunan “ The Nyu York Times”, “Washington Post”, Avropa nəhəngləri - Böyük Britaniyanın “The Guardian”, “The Times”, “The Daily Telegraph”, Almaniyanın, Fransanın milyon nüsxələrlə tirajlanan qəzetləri dünya siyasətinə, beynəlxalq rəyə ciddi ölçüdə təsir göstərir. Adlarını çəkdiyimiz, adları hamıya yaxşı tanış olan digər mətbuat orqanları onilliklərdir ki, təkcə maarifçiliklə deyil, geniş təbliğat, təşviqat fəaliyyəti, informasiya müharibələrinin sükançısı rolunda yüksək peşəkarlıqla çıxış edirlər.

Qəzetçilik tarixinə nəzər yetirsək, görərik ki, hələ Roma imperatoru Yuli Sezarın dövründə “Senatın işləri” adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə saray həyatı, ticarət xəbərləri, hadisələr yazılırdı. İlk gündəlik qəzet isə Romada b.e.ə. 59-cu ildə nəşr olunmağa başlamış və “Günün hadisələri” adlanan vərəqdən ibarət olmuşdur. Avropada 1609-cu ildən müntəzəm şəkildə çap edilən ilk qəzet isə “Avista Relation” və yaxud “Zaytung” idi.

Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyuldu. “Əkinçi” Azərbaycanda ilk jurnalist nəslini yetişdirdi, peşəkar jurnalistika məktəbini formalaşdırdı, peşə prinsiplərini yaratdı. “Əkinçi”nin nəşri Azərbaycan xalqının milli təfəkkürünə, milli oyanışına təkan verdi.

Müasir jurnalistikanın, qəzet nəşrinin inkişafında isə ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli liderin mətbuat üzərindən senzuranın götürülməsi barədə qərarı, “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan qəzetləri məhv olmaqdan xilas etməsi bunun bariz nümunəsidir. Onun rəhbərliyi dövründə Azərbaycan mətbuatı müstəqillik dönəmində ilk dəfə olaraq, obrazlı desək, rahat nəfəs aldı, yeni mərhələyə, dirçəliş və inkişaf dövrünə qədəm qoydu.

Böyük yolun davamı dövlət başçısı cənab İlham Əliyevin azad mətbuatın inkişafına göstərdiyi misilsiz xidmətlərlə özünü təsdiqlədi. Təkcə Milli Mətbuat günləri münasibətilə jurnalistlərə mənzillərin hədiyyə olunması, onlara fəxri adların və digər mükafatların verilməsi möhtərəm Prezidentimizin bu şərəfli və çox çətin, məsuliyyətli peşə sahiblərinə olan böyük dəstəyinin, ali diqqət və qayğısının əyani sübutudur.

Bu gün Daxili İşlər Nazirliyinin 5 mətbu orqanı fəaliyyət göstərir: Nazirliyin “Mübariz keşikdə” qəzeti və “Asayişin keşiyində” jurnalı, Daxili Qoşunların Baş İdarəsinin “Əsgər”, Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” və Polis Akademiyasının “Polis Akademiyası” qəzetləri. Sözügedən mətbuat orqanları müdrik babalarımızdan yadigar qalan qəzetçilik ənənələrini layiqincə davam etdirir, daxili işlər orqanları əməkdaşlarının və hərbi qulluqçuların maariflənməsinə, Vətənə və dövlətçiliyə məhəbbət, sədaqət ruhunda tərbiyəsi işinə öz töhfələrini verirlər.
22 iyul Milli Mətbuat Günüdür. 22 iyul Söz, Qələm, Vətəndaşlıq və Milli Qürur bayramıdır.
Sözümüzə, özümüzə layiq və sadiq olaq!

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər