Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

21.07.2019

Bu xidmətdir, həm də məsul və gərəkli...

İctimai Şuraların yaradılması daxili işlər orqanlarının fəaliyyətinə mühüm dəstəkdir desək, yanılmarıq. Aparılan təhlillərin, keçirilən sorğuların nəticəsində görürük ki, ictimai şuraların fəaliyyəti əhali tərəfindən rəğbətlə qarşılanır.

Ümumilikdə bu institutun daha da təkmilləşməsi daxili işlər orqanları ilə vətəndaşlar arasında əlaqələrin, inamın və etimadın möhkəmlənməsinə, polisin fəaliyyətində şəffaflığın təmin olunmasına, həmçinin inzibati sahənin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir. Şura üzvləri gündəlik həyata keçirilən ümumi və fərdi profilaktika tədbirlərində iştirak edir, əvvəllər məhkum olunmuşlar, münaqişəli ailələrə və digər risk qruplarına aid şəxslər ətrafında iş aparırlar.

Baş İctimai Təhlükəsizlik İdarəsinin hazırladığı hesabatda qeyd edilir ki, 2018-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə təlim-tərbiyə ocaqlarında 85 minə yaxın məktəblinin cəlb edildiyi 2000 görüş, müzakirə və yığıncaqlar keçirilmiş, “İnternet təhlükəsizliyi”, “Tütün məmulatlarının zərərli təsiri”, “Yol hərəkəti qaydaları”, “Avara və dilənçiliyin qarşısının alınmasında gənclərin fəaliyyətinin artırılması” və s. mövzularda çıxış və məruzələr edilmiş, uşaqları maraqlandıran suallar cavablandırılmışdır.
İctimai Şura üzvləri ilə birgə Bakı ŞBPİ, Nərimanov, Sabunçu, Nizami, Səbail, Suraxanı idarələrində, respublikanın Gəncə, Cəlilabad, Sumqayıt, Lənkəran, Beyləqan, Qazax, Quba, Ağdaş, Ağsu, Oğuz şəhər, rayonlarında dövlət orqanlarının və 4000-dən çox ictimaiyyət nümayəndəsinin iştirakı ilə dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində də zonalar üzrə konfranslar keçirilmişdir.
Regionlarda ictimai şuraların, onun üzvlərinin fəaliyyəti barədə şimal bölgəsində ezamiyyətdə olarkən etdiyim müşahidələri və gəldiyim qənaəti Siyəzən RPŞ-nin İctimai Şura üzvü Alim Məmmədovla tanışlıqdan sonra yazıya almağa qərar verdim.

On ildən çoxdur ki, şura üzvüdür. Polisin bütün tədbirlərində fəal iştirak edir. Deyir ki, həvalə olunan vəzifənin təməlində dövlətə və dövlətçiliyə xidmət durur. Cinayətkarlığın qarşısının alınması sahəsində mövcud olan problemlərlə əlaqədar ərazi polis orqanının rəhbərliyi qarşısında məsələ qaldırılmasından tutmuş, əhali arasında hüquqi maarifləndirmə və təbliğat işlərinin aparılmasına, vətəndaşların qəbulunun təşkilinə, kütləvi informasiya vasitələri ilə əlaqələrin yaradılmasına, polisin fəaliyyəti barədə əhalinin rəyinin öyrənilməsinə, polisin fəaliyyətinin təkmilləşdirilməsi və əhali ilə əlaqələrinin möhkəmləndirilməsi barədə təkliflərin verilməsinə, yaşayış məntəqəsi daxilində idman yarışlarının təşkilinə, inzibati sahədə yaşayan əhali üçün «açıq qapı» günlərinin keçirilməsinədək vəzifələrin İctimai şura üzvləri tərəfindən həyata keçirilməsi polisin fəaliyyətinə verilən ən böyük dəstəkdir. Şübhəsiz, bu addımlar imkan verəcək ki, vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunmasına cəlb edilməsi işi daha səmərəli qurulsun və polis-cəmiyyət əlaqələri, cəmiyyətdə polisə inam və etibarın yaradılması işi daha uğurla şəkildə həyata keçirilsin.

RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov da İctimai şura üzvlərinin, xüsusilə də Alim Məmmədovun fəaliyyətini yüksək qiymətləndirdi.
Yeri gəlmişkən, Alim Məmmədovdan işə bu cür can yandırdığının səbəbini soruşduqda aldığımız cavab belə oldu: “Mən illər öncə çatmadığım arzumu bu gün İctimai şura üzvü kimi gerçəkləşdirmişəm. Polis olmaq istəyirdim, ancaq qismət deyilmiş. İndi polisin haqq işinə dəstək verirəm, deməli Vətənimə, xalqıma xidmət edirəm”.

H .Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər