Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

24.07.2019

Sözümüz var...

Milli Mətbuat Günündə “sözə azadlıq”, “sözümüzü demək istəyirik”,- deyən beş-on nəfərin Daxili İşlər Nazirliyinin və Mətbuat Şurasının qarşısında aksiya keçirmək cəhdlərinə, düzü, çox təəccübləndim. Əsas şüarlarından biri də bu idi ki, guya, sözlərini deməyə polis imkan vermir. “Azad sözü boğduğuna görə” hətta hakimiyyəti də suçladılar. Məkanın Daxili İşlər Nazirliyinin qarşısının seçilməsi, polisin adının tez-tez hallandırılması əvvəlcədən cızılmış planın bir hissəsi idi.

Məlumi-məsələ o idi ki, diqqət çəkmək istəyirdilər. Feysbukda və digər sosial şəbəkələrdə düzənlədikləri “tədbiri” canlı yayım da edirdilər ki, sifariş verənlərinə “sponsurluq” edənlər onların “söz azadlığı” üçün çıxardıqları hoqqanı görüb dəstəkləsinlər, daha doğrusu, “səxavət kisə”lərinin ağzını açsınlar.

Müşahidə etmişik: qanunsuz aksiya keçirmək, sabitliyi pozmağa yönəlik hərəkətlərinə haqq qazandırmaq istəyənlərin polisin haqlı tələblərini müzakirə mövzusuna çıxarmaları açıqdan-açığa qərəzdən başqa bir şey deyil.
Polis güc strukturudur. O, ölkəmizdə sabitliyin, asayişin təminatçısıdır, ən əsası, xalqın xidmətçisidir. Sabitliyimizə, əmin-amanlığa uzanan əlləri kəsmək, xain əməllərin qarşısını almaq, məkrli niyyətləri ifşa etmək, min bir əziyyət və qanımız bahasına qazandığımız, uğrunda canımızdan keçdiyimiz müstəqilliyimizi qoruyub-saxlamaq həm də bizim qutsal görəvimizdir.

Polisin də ilk silahı Sözdür. O söz ki, Haqqa söykənəndə, qərəzsiz deyiləndə, özündə ədalət prinsiplərini ehtiva edəndə onun yeri hər zaman ucada olur. Ən qatı cinayətkarı belə qanuna dəvətdə də səmimiyyət nümayiş etdirən, vətəndaşa təhlükədən daha yaxın olmaqla neçə-neçə ömürləri ölümün cəngindən alan Azərbaycan Polisi haqqında “Mənim polisim məni qoruyur” şuarını “mübaliğəsiz, rəngsiz, boyasız”, özü də ürəkdən deyənlərin haqqına girən bu “azad söz ovçuları”na verəcəyimiz adı tapmaqda çətinlik çəkirik.

“Azərbaycanda söz azadlığı yoxdur” deyənlər, onları idarə edənlər, gəzməyə yox, söyməyə qərib ölkə axtaranlar sosial şəbəkələrdə ölkə rəhbərindən tutmuş, bir çox dövlət məmurlarına yazdıqları təhqirlərə, qarayaxmalara heç bir vəchlə haqq qazandıra bilməzlər. Çünki hazsızdırlar və öz ayıblarını görməzlikdən gəlirlər. Görmək isə Allahın insana verdiyi bir lütfdür. Qəlbinin gözünün İlahi tərəfindən möhürlənəni, özü yatıb özgələrin yuxusunu görənləri isə qəflətdən İsrafilin suru belə oyada bilməz...
Sözümüzü və özümüzü özgə sözünü deyənlərdən qoruyaq. Bizə gəlincə, deməyə sözümüz də var, üzümüz də.

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər