Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

30.07.2019

Adiına da layiq, andına da…

Mötəbər idman yarışlarına ən yüksək səviyyədə evsahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrildi. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına evsahibliyi etdi. Yeddi gün davam edən mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növündə mübarizə aparıb.

Ölkəmizə gələn çoxsaylı idmançıların, eləcə də onların azarkeşlərinin təhlükəsizliyini yüksək səviyyədə qorumaq isə hüquq-mühafizə orqanlarının boynuna düşüb. Yarışlar zamanı hər hansı hadisənin baş verməməsi üçün asayiş keşikçiləri hətta ən xırda detallara belə diqqət yetiriblər...
Oyunların üçüncü günü idi. Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyunun taqım komandiri, polis leytenantı Orxan Şükürov və polis kiçik serjantı Vəliyəddin Məmişov digər həmkarları ilə birlikdə “Atletlər kəndi”ndə xidmətdə idilər. İdmançılar sübh tezdən dəstə-dəstə idman arenalarına yollanırdılar. Saat yeddi olardı. Birdən Vəliyəddinin gözü yerdəki pulqabına sataşdı. Onu yerdən götürüb dərhal bu barədə taqım komandirinə məlumat verdi.

Təlimata uyğun olaraq pulqabını “Atletlər kəndi”ndə yerləşən “Tapıntı Bürosu”na təhvil verdilər. Təhvil-təslimdən sonra öyrəndilər ki, pulqabı Avstriya vətəndaşına məxsusdur və içərisində sənədlərlə birlikdə 280 avro var.
Hadisə barəsində məlumat redaksiyamıza daxil olan kimi həmkarlarımızla görüşmək qərarına gəldik. Sualımıza aldığımız cavab isə belə oldu:
“Bu həm vətəndaş, həm də polis əməkdaşı kimi borcumuz idi. Belə möhtəşəm tədbirlər zamanı Vətənimizi layiqincə təmsil etmək və ölkəmizə gələn hər kəsə necə insansevər olduğumuzu hər birimiz sərgiləməliyik” .
Fürsətdən istifadə edib onları daha yaxından tanımaq istədik. Polis leytenantı Orxan Şükürov 2012-ci ildə daxili işlər orqanlarına qəbul olunub. İlk xidmət yeri Əlahiddə Çevik Polis Alayı olub. Polis Akademiyasını bitirib.
Polis kiçik serjantı Vəliyəddin Məmişov isə xidmətə bu ilin əvvəlində başlayıb.
Həmkarlarımız haqqında İdarənin rəisi, polis polkovniki Ədalət Abbasov, təşkilati-inspektor qrupunun baş inspektoru, polis mayoru Rəhman İsmayılov da xoş sözlər dedilər və onların, sözün əsl mənasında, Azərbaycan Polisi adına layiq bir əməkdaş olduğunu bildirdilər.
Bəli, “Görünən dağa nə bələdçi”. Əslində, Orxan və Vəliyəddinin bu nəcib əməli Azərbaycan Polisinin mənəvi ucalığının, insana və insanlığa verdikləri dəyərin bariz nümunəsi olmaqla həm də gözütoxluğunun əyani sübutudur.

Çingiz Şıxverdiyev,
polis polkovnik-leytenantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər