Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

09.08.2019

İdman uğur deməkdir

O, çoxuşaqlı ailədə böyüyüb. Özündən böyük 15 bacı və qardaşı var. Bu gün hər biri oğul-uşaq sahibidir, hətta çoxu babadır, nənədir. Sonuncu deportasiyadan sonra doğulduğu ata-baba ocağından təkbaşına deyil, 16 uşaqla çıxan, yurddan-yurda pələsəng olan, çətinliklərə sinə gərən üçün bir ailənin yaşam mücadiləsinin filmlərə movzu olacaq həyat hekayəsi var. Hümbətovlar ocağının iki od yandıranını-Abbasqulu kişini və Ceyran ananı yaxından tanıyırdım. Bu gün haqq dünyasındadırlar. Onların alın qırışları da qəribə idi. On altı uşağın sevinci, qayğısı yurd salmşdı o qırışlarda. Və əlbəttə ki, itirilən yurd ağrısı...
Dağ adamlarının duruluğunu gözlərinə baxanda görmək olur...
Əlindən və əmənlindən kiməsə ziyan gəlməyən övlad böyütmək, əslində, valideynin ən böyük qazancıdır. Saf əqidəli, vətənpərvər, haqqı-nahaqqa verməyən insanların cəmiyyətdə özünə yer tapması, onun aparıcı qüvvəsinə çevrilməsi uğurlara gedən yolu yaxın edir və beləcə bir ailənin çətiri altından boy verənlər dövlətin, xalqın sevimlisinə çevrilir.

Onu idmansevərlər, peşəkarlar yaxşı tanyırlar. Habilin uğur qazanmaq üçün hansı çətinliklərədn keçdiyinin şahidiyəm. Səbri, dözümü, gücü, ən ümdəsi, səmimiyyəti və qəlbindəki haqq sevgisi ilə polis idmançımız bu gün həm də Vətənə, xalqa xidmət edən, onun bayrağını ucalara qaldıran idmançılar yetişdirir. Onu idmana gətirən yollar heç də hamar olmayıb...
Polis serjantı Habil Hümbətov 1985-ci ildə dünyaya gəlib. Bakıdakı 177 nömrəli orta məktəbi bitirib. İdmanı ona qardaşları sevdirib. Adları boksun tarixinə qızıl hərflərlə yazılan Məhəmmədəlinin, Mayk Taysonun döyüşlərini izlədikcə boksa marağı artıb. Beləcə, bu idman növü onun gələcək arzularına qanad olub. Əməkdar məşqçi Nəriman Abdullayevdən boksun sirlərini öyrənib. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Əldə etdiyi uğurlar onu daha böyük qələbələrə ruhlandırıb. Lakin əlindən aldığı zədə səbəbindən bir müddət yarışlardan uzaq qalıb. “Zenit” idman mərkəzidə məşqçilik fəaliyyətinə başlamaqla yanaşı, məşqlərini mütəmadi davam etdirib, bütün çətinliklərə rəğmən 2015-ci ildə BUDO Döyüş Növləri Federasiyasının keçirdiyi yarışlarda yüksək nailiyətlər əldə edib.
Həmkarımız Əməkdar və beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi, 5-ci dan qara kəmər sahibi, Avropa və dünya çempoinudur.
O, Dünya kəmərinin sahibidir.
Məşqçi kimi də əlindən gələni edir ki, yetirmələri Azərbaycan idmanına öz töhfələrini versinlər. Məhz onun gərgin əməyi, tələbkarlığı sayəsində Abbasqulu Hümbətov, İbrahim Məmmədov, Kamal Şəmşiyev və Məhəmməd Məmmədov Avropa və dünya çempionatlarında üçrəngli barağımızı ucalara qaldırıb, himnimizi səsləndiriblər.
Deyir ki, bu gün bütün dünya Azərbaycanı idman ölkəsi kim tanıyır. Paytaxtımızda olduğu kimi regionlarda da gələcəyin çempionları yetişir.

Çünki möhtərəm Prezidentimiz idmanın ölkəmizdə ümummilli hərakata çevrilmsi üçün hər cür şərait yaradıb. İdman sağlamlıq, güc-qüvvət və sülh deməkdir.
İdman həm də gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün ən gözəl vasitədir. Biz çalışmalıyıq ki, idmanı həyat tərzimizə çevirək və “hər bir güclü idmançı həm də bir əsgərdir” devizi ilə sıralarımızı genişləndirək ki, torpaqlarımızın azadlığı uğrunda mücadiləmizdə qələbə bizim olsun.
Polis serjantı Habil Hümbətov DİN BMİ Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında xidmət edir. Alay rəhbərliyinin və komandirlərinin etibarını və etimadını qazanıb.
Yeri gəlmişkən, çempion həmkarımız Polis Akademiyasının 3-cü kurs dinləyicisidir. İki övlad atasıdır.

Hafiz Təmirov,
polis mayoru

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər