Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin orqanı

Xəbərlər

25.08.2019

Gözü yolda qalan... Qubadli

Təbiətin bir qədər sərt, şıltaq qucağı yurd olmuşdu Qubadlıya. Amma yalçın qayalarda, sərt dağlarda daşlaşmış tarix yaşayırdı. Torpaqdan boy atan, dünyaya boylanan neçə-neçə saz-söz nəhənginin vəsfinə belə sığmamışdı Qubadlının daşlaşmış sərvətləri.
Bu məskənin söz boğçasından – minlərlə ləl-incinin xəzinəsindən bəhrələnən, düzülən-qurulan ədəbi əsərlər söz yadigarımızdır, ədəbiyyatımızın dədə Süleyman ünvanlı söz azmanlarıdır. Əsrlərdən ötən yellərə qaya kimi sinə gərən türbələr, əcdadlarımızın əl izlərini yaşadan daş salnamələr, tarixi nişangahlar bu yurdu təzə ayaq basanlar üçün daha da sirli-sehrli edirdi. Məbədlər diyarının insanları xalqımızın ən qədim, ən yaxşı ənənələrini yaşadardılar. Xəyanət kəlməsi onlara yad idi. Ancaq namərd qonşuların, bir də sapı şpümüzdən olan baltaların xəyanətinə rast gəldilər.

İyirmi altı il əvvəl Xankəndində ilk “miatsum” deyib çığıranda o vaxtkı respublika rəhbərliyinin lazımi qətiyyət göstərmədiyindən, hətta baş verənləri xalqdan gizlətmək mövqeyi tutduğundan düşmənlərimiz daha da şirnikdilər. İllərlə fürsət gözləyənlər işğalçılıq məqsədlərini daha da genişləndirərərk bütün sərhədboyu rayonlarımıza daraşdılar.
İlk soydaşlarımız şəhid olduqdan sonra yurd-yerlərimiz yavaş-yavaş düşmənin qanlı caynağına keçdi. Xalq qəzəbinin dalğasında hakimiyyətə gələn AXC-Müsavat cütlüyü də qəti mövqe göstərə bilmədi. Başı talana qarışan, peşəkarlıqdan uzaq, heç bir dövlətçilik təcrübəsi olmayan məmurların var-dövlət, kürsü... davası son nəticədə vətəndaş qarşıdurmasına gətirib çıxardı. Biri-birinin ardınca kəndlər, qəsəbələr, daha sonra isə respublikanın ərazi etibarilə ən böyük bölgələrindən olan Kəlbəcər, Ağdərə işğal olundu. Artıq Ağdamın da əsas strateji yüksəklikləri, müdafiə əhəmiyyətli mövqeləri ordudakı başıpozuqluq ucbatından düşmən əlinə keçmişdi. Respublikamız belə bir taleyüklü problemlərlə üz-üzə qalanda dünənki “millət fədailəri” tez-tələsik istefalar verib, vəzifələrini dondursalar da xalq öz təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevi ali hakimiyyətə dəvət etdi.
Bu siyasət dühasına qalan miras son dərəcə acınacaqlı idi. Ölkə daxilində vətandaş qarşıdurması yaranmış, qan tökülmüşdü. Şimalda və Cənubda baş qaldırmış separatizm təhlükəli həddə çatmış, silahlı qarşıdurma halına gəlib çıxmışdı. Bir sözlə, ölkə parçalanmaq həddində idi. Cəbhədə dönüş yaratmaq üçün belə qısa vaxtda nizami ordu təşkil etmək çox çətin idi. Yaranmış fürsətdən istifadə edib hücumlarını genişləndirən Ermənistan ordusu avqustun 23-dən 25-dək Füzuli və Cəbrayıl rayonlarını işğal edərək avqustun 31-də mühasirədə qalan Qubadlının süqutuna nail oldu.
Ayrı-ayrı siyasi partiyalara xidmət edən başıpozuq hərbi birləşmələr düşmənə müqavimət göstərmədən Qubadlını tərk etdilər. Müdafiəsiz qalan rayon sakinləri böyük əzmkarlıq göstərərək yerdən-göydən od ələyən düşmənin mühasirə həlqəsindən çıxa bildilər. Döyüşlərdə 238 nəfər şəhid oldu.
İndi respublikanın 47 rayonunda məskunlaşmış 30 min rayon sakininin güzəranının yaxşılaşması üçün ölkə rəhbərliyi böyük diqqət və qayğı göstərir. Doğma el-obasından didərgin düşən soydaşlarımızın hamısı kimi Qubadlı sakinləri də dövlət başçımızın torpaqlarımızın düşməndən azad edilməsi üçün göstərdiyi yorulmaz səylərə böyük ümid bəsləyirlər.

Ə.Ruhiyyə

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər