Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

02.09.2019

Layiqli xidmət, yüksək qiymət

Yüksək xidməti və insani keyfiyyətləri, peşəkarlığı ilə şəxsi heyət arasında böyük nüfuz qazanmış respublika Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin 60 yaşı tamam oldu. O, xidmət etdiyi 38 ildə bir çox uğurlara imza ataraq gənclik həvəsi, novatorluğu, zəhmətsevərliyi, idarəçilik bacarığı ilə şəxsi heyətə həmişə nümunə olub.

Avqustun 26-da yubileyi münasibətilə ilə İsmət Əliyevi qəbul edən Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulamış, üzərinə düşən mühüm vəzifələrin icrasında yüksək təşkilatçılıq və idarəetmə bacarığı nümayiş etdirdiyinə, şəxsi heyətin anda sədaqət ruhunda tərbiyəsində, bilik və bacarıqlarının, peşə vərdişlərinin artırılmasında xidmətlərini diqqətə çatdırmış, təltif olunduğu DİN-in “Fəxri fərman”ını ona təqdim etmişdir.
Yüksək diqqət və etimada, barəsində deyilən xoş sözlərə görə Daxili İşlər nazirinə minnətdarlığını bildirən polis general-leytenantı İsmət Əliyev əmin etmişdir ki, qarşısında duran vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, bunun üçün təcrübəsini, bilik və bacarığını əsirgəməyəcəkdir.
İsmət Rəşid oğlu Əliyev 1981-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu fərqlənmə diplomu, sonradan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını yüksək göstəricilərlə bitirmiş, daim öz üzərində çalışaraq, bilik və bacarığını xidmətin təkmilləşdirilməsinə, onun inkişafına, kadrların hazırlanmasına sərf etmişdir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, nazirliyin Baş Kadrlar İdarəsinin rəisi kimi mühüm vəzifələrdə yüksək təşkilatçılığı və idarəçiliyi ilə göstərilən etimada layiq olduğunu təsdiqləmiş, 2014-cü ildə isə Daxili İşlər nazirin müavini kimi çox məsul vəzifəyə irəli çəkilmişdir.
Harada işləməsindən asılı olmayaraq, o, göstərilən etimadı doğrultmuş, həvalə olunan vəzifələri layiqincə yerinə yetirmişdir. Polis general-leytenantı İ.Əliyevi fərqləndirən cəhətlərdən biri də qazandığı zəngin təcrübəni ustalıqla xidmətə tətbiq etməsi, üzərinə düşən vəzifələri özünəməxsus dəst-xətlə yerinə yetirməsi, dövrün çağırışlarına vaxtında və çevik cavab vermək bacarığıdır.
Onun xidməti uğurları ölkə və DİN rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilmiş, dəfələrlə müxtəlif mükafatlara layiq görülmüş, “Vətən uğrunda” medalı, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunmuşdur.

İlham Babayev
Foto Zeyni Hüseynovundur

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər