Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

17.09.2019

Şərəfli tariximiz, əbədi qardaşlığımız

1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar 12 mindən artıq günahsız adamın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın amansızcasına öldürülməsi ilə nəticələndi. Faciənin miqyası yalnız Bakı şəhəri ilə məhdudlaşmadı. Bu ərəfədə Şamaxıda, Göyçayda, Hacıqabulda, Qubada, Xaçmazda, Salyanda , Lənkəranda, Muğan bölgəsində, Dağlıq Qarabağda və başqa bölgələrdə erməni-daşnak vandalları tərəfindən qətlə yetirilən insanların sayı 50 mindən artıq idi.

Türkiyə dövləti Azərbaycanda həyata keçirilən erməni-bolşevik soyqırımına laqeyd qalmadı. Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə 29 yaşına baxmayaraq, böyük döyüş təcrübəsi olan cəsur sərkərdə Nuru Paşa təyin olundu. Ona Sultan tərəfindən növbədənkənar general-mayor rütbəsi verildi. Nuru Paşa müdafiə naziri Ənvər Paşanın qardaşı idi.

O, 1918-ci ilin mayında Azərbaycana gələrək Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynadı.
Nuru Paşanın rəhbərlik etdiyi ordu 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək biri-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq torpaqlarımızı bolşevik-daşnak qüvvələrindən təmizlədi və həmin ilin 15 sentyabrında Bakı azad edildi. Türkiyəli qardaşlarımız bu döyüşdə 1130 şəhid verdilər.
Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərildi. Qarabağın daşnaklardan təmizlənməsi əməliyyatına başlanıldı və uğurlu döyüşlərlə qoşunlar Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırdılar. Lakin Türkiyənin Birinci Dünya müharibəsində məğlub olması bu işi yarımçıq qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros müqaviləsindən sonra türkiyəli qardaşlarımız Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar.

Nuru Paşa 1920-ci il aprel çevrilişindən sonra da gizli olaraq bir qrup zabiti ilə Şuşaya gəldi, bolşeviklərə qarşı döyüşlər apardı, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırdı.
Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığını bir daha isbatlayan böyük bir tarixi hadisədir. Sovet əsarəti illərində bu hadisənin əhəmiyyətini məqsədli şəkildə unutdurmağa çalışsalar da, xalq qardaşlarının qəhrəmanlığını könlündə yaşatdı, onu heç bir zaman unutmadı.
Hər il Bakının azad olunmasının ildönümü tədbirləri Şəhidlər xiyabanında ucaldılmış möhtəşəm abidənin önündə anım mərasimi ilə başlanır.

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər