Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

09.10.2019

Qazdığı quyuya özü düşdü

Yolu yaxşı tanımadığım üçün soraqlaşa-soraqlaşa gedirdim. Hərdən macal tapıb qəsəbə sakinlərilə də söhbətləşirdim. Hamı qəsəbədə yeni açılmış Polis Bölməsindən razılıq edir, ağızdolusu danışırdı. Deyirdilər ki, bölmə fəaliyyətə başlayan gündən qəsəbədə cinayətkarlıq azalıb, daha polisi axtarmağa, polisə pənah aparmağa ehtiyac qalmır, çünki indi polis onlara, necə deyərlər, təhlükədən də, problemlərdən daha tez çatır. Əslində, məni ora aparan səbəb də elə redaksiyamıza daxil olan minnətdarlıq məktubları idi...
Bir növ adətkərdə olmuşdu asan pul qazanmağa. Onun tələsinə düşənlər də az deyildi. Artıq doqquz qurbanı vardı Eltonun. Onuncu qurbanını pusquya salmağı gözləyirdi. Amma bu dəfə, çox gözləməli olacaq, deyəsən. Çünki özü nəfsinin tələsinə düşdü...

Elton hər dəfə müxtəlif bəhanələrlə tanıdığı adamların etibarından sui-istifadə edərək müəyyən miqdarda borca pul götürür, sonra isə aradan çıxırdı. Hər dəfə də gah arvadını xəstəxanadan çıxartmaq, gah da xəstə qohumuna, qonşusuna yardım etmə bəhanəsi ilə pulunu geri almaq üçün gələnləri get-gələ salırdı. Hətta mindiyi taksi sürücüsünə də min bir bəhanə uydururdu. Sən demə, dələduzluğu özünə peşə seçmiş Elton kefindən də qalmırmış. Əldə etdiyi qazancdan müxtəlif növ narkotik vasitə alıb kefinə kef qatırmış. Sonuncu dəfə isə onun kefinə Xəzər RPİ 3-cü PB-nin əməkdaşları əməlli-başdı soğan doğradılar...
Polis Bölməsinə daxil olan məlumatlar əsasında rəis, mayor Rahid Nağıyev işi nəzarətə götürdü və dərhal əməliyyat-istintaq qrupu yaradıldı. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində növbəti ovunu gözləyən Elton özü qazdığı quyuya düşdü.

Əvvəlcə hər şeyi boynundan atsa da sonda gah nala, gah mıxa vurdu və əməllərini etiraf etdi. Polis əməkdaşlarının ona təqdim etdikləri tutarlı dəlil-sübutlar qarşısında aciz qalan Elton, törətdiyi əməlləri bircə-bircə danışdı...

Teymur Əlizadə,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər