Logotype

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Orqanı 1933-cü ildən çıxır

Xəbərlər

11.10.2019

Məqsədi də, hədəfi də bəllidir-Qələbə!

Azərbaycan yenilməz idmançılar ölkəsidir. Bunu dünya etiraf edir. İdman tariximizə adlarını qızıl hərflərlə yazdıranların sırasında polislərimizin xüsusi yeri var. Onların polis olduqlarını hər kəs bilməsə də, getdikləri, yarışdıqları ölkələrdə azərbaycanlı, Azərbaycandan olduqlarını hamı bilir. Onların sayəsində üçrəngli bayrağımızın göylərə ucalması, himnimizin səslənməsi, ən mötəbər tribunalardan Azərbaycan nidalarının eşidilməsi insanı göz yaşlarına boğacaq, sözlə ifadə olunmayacaq bir qürur hissidir.


Həmkarlarımız idmanda olduğu kimi, xidmətdə də peşəkardırlar. Vəzifələrin də öhdəsindən layiqincə gəlir, vətəndaşların rəğbətini qazanır, bir sözlə, içdikləri anda daim sədaqət nümayiş etdirirlər.
Polis polkovnik-leytenantı Mehman Fətəliyev. Nisgili qazandığı uğurlarla təndir. Dünyanın harasında olursa-olsun, o nisgil ürəyinin başını göyüm-göyüm göynədir. Qazandığı hər bir qələbədə düşmənlərimizə ünvanlanmış bir mesaj var: Bu gün tatamidə, sabah döyüş meydanında Qələbə bizimdir. Və bəlkə də Mehman kimi çempion oğul və qızlarımızı uğurların ən yüksək pilləsinə çəkən də bu təşnə, bu hiss, Qələbə arzusudur.
Təbiətən sakit və təmkinlidir həmkarım. Lakin yarışlarını izlədikdən sonra onun rəqibləri üzərindəki qələbələrdə ustalığının, şahidi oluruq.
Etiraf edək ki, bəzən idmançılar barəsində danışarkən onların təhsilə maraqlı olmadıqlarını xüsusi qabardırlar. Lakin Mehman Fətəliyevlə müsahibədən sonra qəti qərara gəldim ki, bu mövzuda ayrıca bir yazı ilə “Mübariz keşikdə”çilərin görüşünə gələk...

1981-ci ildə Sumqayıtda doğulub. Ata-babalarının doğulduğu Zəngəzuru, Qubadlını görməyib. Polis olmaq arzusuna valideynlərinin xeyir-duası qol-qanad verib. 1998-ci ildə 550 balla DİN-in Polis Akademiyasına qəbul olunub. Akademiyada sambo və cüdo idman növlərində keçirilən yarışlarda fərqlənib, peşəkar idmançı karyerasının formalaşmasında, özünün də dediyi kimi, akademiyanın mühüm rolu olub. O, Braziliya ciu-citsusu üzrə Azərbaycanda ilk dünya çempionudur. Həmkarımız ilk dəfə çempion adına isə Birləşmiş Ərəb Əmirliklərində Braziliya ciu-citsusu üzrə 2018-ci ildə keçirilən yarışda nail olub. Qrapplinq üzrə 2017-ci ildə ölkəmizdə keçirilən yarışda ikinci yerin sahibi olub. Bu ilin sentyabrında keçirilən “Open Moskva” adlı beynəlxalq turnirdə 92 kiloqram çəkidə yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Akademiyanı bitirdikdən sonra Sumqayıtda, Bakının Nizami və Xəzər rayonlarında xidmət edib.
Həmkarımız bir müddət Nəsimi RPİ-nin DYPŞ-nin rəisi işləsə də ona daha məsuliyyətli bir görəv həvalə olunub və o, bu gün turistlərin də daha çox üz tutduğu Səbailda DYPŞ-nin rəisidir.

Ciu-citsu və qrappling idman növləri üzrə “İdman ustası” rejiminə riayət etməklə yenə də hər səhər saat 07:00-dan 08:00 -a kimi məşq edir. Axşam məşqləri isə, əsasən, yarışlara hazırlıq məqsədi daşıyır. Fiziki və texniki imkanlarını daha da inkişaf etdirmək üçün axşam məşqlərində qatlaşdığı əziyyətlərin yalnız bir hədəfi var-gələcək yarışlarda da qələbə əldə etmək, bayrağımızı ucaltmaq!

Hafiz Təmirov,
polis mayoru

Geriyə Çap et


Faydalı keçidlər
Linklər